Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ordusunun mümkün hərbi əməliyyatlara hazır vəziyyətdə saxlanılması üçün ayrı-ayrı hərbi hissələrin seçilmiş qaydada səfərbər ediləcəyini açıqlayıb. O, bu barədə mayın 12-də müdafiə naziri Viktor Xreninin məruzəsini dinləyərkən danışıb.
Lukaşenko bildirib ki, Belarus sülh tərəfdarıdır, lakin ordu zərurət yaranacağı halda hərbi əməliyyatlar aparmağa hazır olmalıdır. Onun sözlərinə görə, ölkə rəhbərliyi “hərbi hissələri müharibəyə hazırlamaq üçün seçilmiş şəkildə səfərbər edəcək” və belə bir müharibənin baş verməməsinə ümid edir.
Xəbəri “BelTA”-ya istinadən təqdim edirik.
Açıqlama Belarus Silahlı Qüvvələrində aparılmış genişmiqyaslı döyüş hazırlığı yoxlamasından sonra səslənib. Rəsmi məlumata görə, yoxlama nəticəsində orduda mövcud çatışmazlıqlar təhlil edilib və onların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib. Lukaşenko bildirib ki, bu proses yekunlaşmamalı, ordu rəhbərliyi aşkar edilmiş problemlərə ciddi diqqət yetirməlidir.
Belarusun müdafiə naziri Viktor Xrenin isə yoxlamalara 6 mindən çox şəxsin cəlb olunduğunu deyib. Onun sözlərinə görə, bu proses insanların “vətəni müdafiə etməyə hazır olduğunu” göstərib. Nazir həmçinin 2026-2030-cu illər üçün Dövlət Silahlanma Proqramı çərçivəsində Silahlı Qüvvələrə ciddi vəsait ayrılmasının planlaşdırıldığını bildirib.
Lukaşenkonun bəyanatı Belarusun regiondakı təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi və Minsk-Moskva hərbi əməkdaşlığı fonunda diqqət çəkib. Belarus rəsmiləri ölkənin müharibə istəmədiyini bildirsələr də, son açıqlamalar ordunun döyüş hazırlığının gücləndirilməsi xəttinin davam etdiriləcəyini göstərir.