Medvedev Peterburq forumunda Ermənistanı, NATO-nu və Qərbi hədəfə aldı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Peterburq Beynəlxalq Hüquq Forumunda beynəlxalq hüquq, NATO, Ermənistan, Ukrayna, Zelenski, Baltikyanı ölkələr və Rusiyanın xaricdəki aktivləri ilə bağlı sərt bəyanatlar verib.

10

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Peterburq Beynəlxalq Hüquq Forumunda beynəlxalq hüquq, NATO, Ukrayna və Ermənistanla bağlı sərt bəyanatlar verib.

MSNews.az xəbər verir ki, “Pravo.ru” Medvedevin XIV Peterburq Beynəlxalq Hüquq Forumunun plenar iclasında çıxış etdiyini yazıb. Çıxışda əsas diqqət beynəlxalq hüququn hazırkı vəziyyəti, Qərbin siyasəti və Rusiyanın hüquqi-siyasi mövqeyinə yönəlib.

Medvedev bildirib ki, beynəlxalq hüquq institutları ciddi böhranla üzləşib. Onun fikrincə, bu böhran hüququ “seçilmiş ölkələrin imtiyazına” çevirmək cəhdləri ilə bağlıdır. Rusiya rəsmisi Qərb dövlətlərini beynəlxalq hüquq normalarını öz maraqlarına uyğun tətbiq etməkdə ittiham edib.

O, NATO-nun postsovet məkanına yaxınlaşmasını da tənqid edib. Medvedevin sözlərinə görə, alyans “tərəfdaşlıq” şüarları altında Rusiyanın sərhədlərinə yaxınlaşıb və bunun üçün bəzi ölkələrdən alət kimi istifadə edib.

“Golos Armenii” yazır ki, Medvedev bu kontekstdə Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın adını çəkib. O, Ukraynanın 2014-cü ildən sonra “rusofobiyanın mərkəzinə” çevrildiyini iddia edib və oxşar proseslərin Moldova və Ermənistanda da baş verdiyini bildirib.

Ukrayna ilə bağlı danışan Medvedev Qərbin Kiyevi Rusiyaya qarşı hərbi platsdarm kimi istifadə etdiyini iddia edib. Onun sözlərinə görə, Kiyev hakimiyyəti “böyük pullar müqabilində ölkəsini xarici qüvvələrin istifadəsinə verir”.

Rusiya rəsmisi Vladimir Zelenski ilə bağlı da sərt mövqe səsləndirib. TASS-a istinad edən materiallarda bildirilir ki, Medvedev Zelenskinin prezidentlik səlahiyyətlərinin başa çatdığını və bunun onu “hər hansı immunitetdən məhrum etdiyini” iddia edib.

Medvedev, həmçinin bildirib ki, “Kiyev rejimi” ilə danışıqlar aparmağın mənası yoxdur və qərarlar onu dəstəkləyən Qərb dövlətləri ilə müzakirə edilməlidir. O, müharibənin Ukrayna rəhbərliyi üçün hakimiyyətdə qalmağın əsas yolu olduğunu iddia edib.

Çıxışda kolonializm mövzusu da yer alıb. Medvedev kolonializmin insanlığa qarşı ayrıca cinayət kimi hüquqi təsbitini təklif edib. Onun fikrincə, bu, Qərb ölkələrinin keçmiş kolonial siyasətinə görə məsuliyyət məsələsini gündəmə gətirə bilər.

Rusiya rəsmisi Qərbin sanksiya siyasətini də “başqasının əmlakının yenidən bölüşdürülməsi” kimi xarakterizə edib. O, Rusiyanın xaricdəki aktivlərinin müsadirə ediləcəyi təqdirdə cavab tədbirlərinin hazırlandığını bildirib.

Medvedev Baltikyanı ölkələrlə bağlı da açıqlama verib. “Rambler” TASS-a istinadən yazır ki, Rusiya rusdilli əhalinin hüquqlarının pozulması iddiası ilə Baltikyanı ölkələrə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət təqdim etməyə hazırlaşır.

Medvedev bildirib ki, məhkəməyə qədərki prosedurlar artıq yekunlaşıb və növbəti mərhələdə beynəlxalq məhkəməyə müraciət ediləcək.

Çıxış ümumilikdə Rusiyanın Qərb, NATO, Ukrayna və postsovet məkanındakı siyasi proseslərlə bağlı mövqeyinin davamı kimi qiymətləndirilir. Medvedevin bəyanatları Moskvanın beynəlxalq hüquq, təhlükəsizlik və geosiyasi rəqabət mövzularını daha sərt ritorika ilə gündəmdə saxladığını göstərir.