Fransada sol qüvvələrdən hökumətə NATO-dan çıxmaq çağırışı

Fransız sol siyasətçilər ABŞ-ın siyasətlərini dünya sülhünə təhlükə sayaraq, Prezident Makronu Fransanı NATO-dan çıxarmağa çağırıb.

14

Fransada sol siyasi düşərgə hökuməti NATO-dan çıxmağa çağıraraq, ABŞ-ın son illərdə apardığı siyasətin dünya sülhü üçün ciddi təhlükə yaratdığını bəyan edib.

Fransa Milli Assambleyasının sədr müavini və “Boyun Əyməyən Fransa” (La France Insoumise – LFI) partiyasının deputatı Klemans Gett ABŞ Prezidenti Donald Trampın beynəlxalq siyasətini kəskin tənqid edib. O, ABŞ-ın Qrenlandiyaya hərbi müdaxilə ilə bağlı təhdidlərini, Fransaya qarşı aparılan ticarət müharibəsini, Venesuela Prezidenti Nikolas Maduronun qaçırılması ilə bağlı iddiaları, Venesuela neftinə əl qoyulmasını, Fələstində baş verən hadisələrdə İsrailə verdiyi hərbi və diplomatik dəstəyi, həmçinin Avropada ifrat sağ qüvvələrin xeyrinə seçkilərə müdaxilə cəhdlərini sadalayaraq, bütün bunların qlobal sabitliyi pozduğunu bildirib.

Gett bu siyasətlərin ABŞ-ın müttəfiqləri üçün də risk yaratdığını vurğulayaraq, Fransanın bu təhlükəli xəttdən uzaq durmalı olduğunu qeyd edib. Bu kontekstdə o, Milli Assambleyaya Fransanın mərhələli və planlı şəkildə NATO-dan çıxmasını nəzərdə tutan təklif təqdim etdiyini açıqlayıb. Deputat xatırladıb ki, 1966-cı ildə o dövrün Fransa Prezidenti Şarl de Qoll ölkəsinin NATO-nun hərbi strukturlarından çıxması barədə qərar vermişdi və bu addım Fransanın ABŞ-ın hərbi avantüralarına cəlb edilməsindən imtina etməsi ilə əsaslandırılmışdı.

Gettin sözlərinə görə, Fransa 2009-cu ildə Prezident Nikola Sarkozinin dövründə yenidən NATO-nun hərbi qanadına qayıdıb, lakin bu qərar ölkənin strateji müstəqilliyini zəiflədib. O bildirib ki, mövcud beynəlxalq şəraitdə Fransa öz “strateji muxtariyyət” yolunu seçməli və təhlükəsizlik məsələlərində xarici güclərin iradəsindən asılı vəziyyətdə qalmamalıdır. Gett NATO-dan çıxmaq çağırışını Fransanın suverenliyi ilə birbaşa əlaqələndirərək, Prezident Emmanuel Makronun Tramp administrasiyasının təzyiqləri və təsiri altında qalmaqdan imtina etməli olduğunu vurğulayıb. Onun fikrincə, bu addım Fransanın həm beynəlxalq arenada müstəqil mövqeyini gücləndirər, həm də Avropada alternativ təhlükəsizlik yanaşmalarının formalaşmasına təkan verər.