İsraildə ultra-ortodoks kişilər qadın komandirləri küçədə qovdu

45

İsrailin Tel Əviv yaxınlığındakı Bnei Brak şəhərində ultra-ortodoks dindar şəxslər iki qadın hərbi komandiri küçədə təqib ediblər. Hadisə qadın komandirlərin orduya daxil olmaq istəyən bir namizədi evində ziyarət etdiyi zaman baş verib və yüzlərlə kişi bu zaman qadınları küçədə qovub. Görüntülər sosial mediada paylaşılıb. Tənqidçilər bu hadisəni ölkədə dərinləşən məcburi hərbi xidmət mübahisəsinin əlaməti kimi qiymətləndirirlər.

Ultra-ortodoks (Haredi) adlanan bu dindar qrup İsraildə ən sürətlə artan demoqrafik qrupu təşkil edir və ənənəvi olaraq dövlətin məcburi hərbi xidmətini qəbul etmir. Onlar Tövrat təhsilini ordu xidmətindən üstün saydıqları üçün bir çoxları hərbi xidmətə qatılmırlar.

Hadisə zamanı qadın komandirlər polis qoruması ilə təhlükəsiz əraziyə aparılıb. Bu nümayiş həm ordu içində məcburi xidmət normalarına qarşı etirazın, həm də ölkədə hərbi xidmətin gender məsələsi ilə bağlı narazılıqların bariz nümunəsi sayılır.

Məsələ İsraildə uzun müddətdir müzakirə olunan və cəmiyyəti parçalaya bilən bir problemdir. Xüsusilə, Qəzza əməliyyatları və orduya artan ehtiyac fonunda Haredi icmasının hərbi xidmətə qatılması mövzusu siyasi və ictimai gərginliyi daha da artırıb.

Bu hadisə, İsrail cəmiyyətində zorunlu hərbi xidmətin gender, din və etnik baxımdan necə qəbul edildiyi ilə bağlı daha geniş müzakirələrə yol açıb.