İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb

Prezident İlham Əliyev mayın 18-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Görüşdə WUF13, Qarabağın bərpası və strateji müttəfiqlik əlaqələri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüş Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 çərçivəsində baş tutub. 

Dövlət başçısı Şavkat Mirziyoyevə WUF13-də iştirakına görə minnətdarlığını bildirib və Özbəkistan Prezidentinin Bakıda olmasını Azərbaycan və Özbəkistan xalqları arasında qardaşlıq və dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə əvvəlki görüşlərini xatırladaraq, həmin görüşlərdə müzakirə olunan layihələrin artıq həyata keçirildiyini qeyd edib.

Görüşdə Bakıda Özbəkistan parkının inşası da qeyd olunub. Şavkat Mirziyoyev isə dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, WUF13-ün Bakıda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib və forumun şəhərsalma mövzusunda mühüm qlobal məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu bildirib.

Özbəkistan Prezidenti Azərbaycana hər səfərində ölkədə böyük inkişafın şahidi olduğunu deyib. O, Azərbaycanın Qarabağda yeni şəhər və kəndlər salmasını yüksək qiymətləndirərək, bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm uğurlar kimi dəyərləndirib. Mirziyoyev həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni dövlət başçısının səylərinin, Vətənə və xalqa sevgisinin nəticəsi kimi xarakterizə edib.

Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirərək, Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub və bu, qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümüdür.

Söhbət zamanı Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri və görüşləri məmnunluqla xatırlanıb. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirilib, onların icrasından məmnunluq ifadə olunub. Energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və digər sahələrdə əməkdaşlıq layihələri müzakirə edilib.

Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığını vurğulayıb və bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd ediblər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.