Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri senator Stiv Deynsi qəbul edib.
MSNews.az xəbər verir ki, görüş zamanı dövlət başçısı Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin əməkdaşlıq və qarşılıqlı etimada əsaslanaraq uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin həm iki ölkə, həm də region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərini məmnunluqla xatırladıb. Prezident həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib. “Reuters” daha əvvəl yazmışdı ki, ABŞ və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq sənədi iqtisadiyyat, təhlükəsizlik, müdafiə, süni intellekt, enerji təhlükəsizliyi və terrorla mübarizə kimi sahələri əhatə edir.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyib. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi rolunu vurğulayıb.
Stiv Deyns də öz növbəsində son dövrdə Azərbaycan və ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Senator Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərini əlamətdar hadisə kimi qiymətləndirib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rol oynadığını qeyd edib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyi də müzakirə olunub. Stiv Deyns bu prosesdə nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti xüsusi vurğulanıb. TRIPP — “Trump Route for International Peace and Prosperity” layihəsi Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirməyi nəzərdə tutan strateji nəqliyyat marşrutu kimi təqdim olunur. Layihə Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və regional bağlantıların genişləndirilməsi baxımından mühüm element hesab edilir.
Bundan başqa, görüşdə Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.






