HƏMAS tərksilah planına razıdır, amma ilk addımı İsraildən tələb edir

HƏMAS Qəzzada silahların mərhələli şəkildə istifadədən çıxarılmasını nəzərdə tutan plana razı olduğunu bildirib. Təşkilat prosesin başlaması üçün İsrailin hücumları dayandırmasını və qoşunlarını geri çəkməsini tələb edir.

56

HƏMAS Qəzzada silahların mərhələli şəkildə istifadədən çıxarılmasını nəzərdə tutan ABŞ dəstəkli yol xəritəsini həyata keçirməyə hazır olduğunu bildirib, lakin bunun üçün İsrailin əvvəlcə mövcud razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməsini tələb edir. 

MSNews.az xəbər verir ki, “Reuters” HƏMAS rəsmisi Qazi Həmada istinadən təşkilatın onun sözləri ilə “çətin və ağrılı” razılaşmanı qəbul etməyə hazır olduğunu yazıb. Bununla belə, Həmad açıqlamasında “tərksilah” terminindən istifadə etməyib və prosesin İsrailin Şarm əl-Şeyx razılaşmasının ilk mərhələsini yerinə yetirməsindən asılı olduğunu vurğulayıb.

HƏMAS-ın mövqeyinə görə, İsrail Qəzzaya zərbələri dayandırmalı, qüvvələrini əvvəlcədən razılaşdırılmış mövqelərə çəkməli və bölgəyə humanitar yardımın girişini artırmalıdır. Bundan sonra silahların Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin nəzarətinə verilməsi nəzərdə tutulur.

Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası”nın açıqladığı 15 maddəlik yol xəritəsi ağır silahların, hərbi istehsal obyektlərinin, silah anbarlarının və tunellərin mərhələli şəkildə istifadədən çıxarılmasını və nəzarət altına alınmasını nəzərdə tutur. Sənədə əsasən, silahlar İsrailə və ya qeyri-fələstinli tərəfə verilməməlidir.

“Associated Press” tərəfindən yayımlanan yol xəritəsinin tam mətninə görə, prosesə Beynəlxalq Yoxlama Komitəsi nəzarət etməli, hər mərhələdən digərinə keçid isə əvvəlki öhdəliklərin yerinə yetirilməsinin təsdiqlənməsindən sonra mümkün olmalıdır. Qəzzada mülki idarəetmənin tədricən yeni Fələstin texnokrat komitəsinə ötürülməsi də nəzərdə tutulur.

Lakin əsas fikir ayrılığı ardıcıllıq məsələsindədir. HƏMAS əvvəlcə İsrailin hərbi əməliyyatları dayandırmasını və geriçəkilməyə başlamasını istəyir. İsrailin Baş naziri Benyamin Netanyahu isə əks mövqe tutur: o bildirib ki, HƏMAS tam tərksilah olunmayana qədər İsrail ordusu Qəzzadakı hazırkı mövqelərindən çəkilməyəcək. Netanyahu həmçinin ABŞ tərəfinin təqdim etdiyi hazırkı layihəni İsrailin qəbul etmədiyini açıqlayıb.

HƏMAS artıq iyulda Qəzzadakı de-fakto hökumət strukturunu ləğv etdiyini və idarəetməni Fələstin texnokratlarından ibarət Milli Komitəyə verməyə hazır olduğunu bildirmişdi. İsrail isə silahlı struktur saxlanıldığı müddətdə belə addımların kifayət etmədiyini bəyan edib. “Reuters” həmin vaxt HƏMAS-ın İsrail hücumları davam etdiyi müddətdə tərksilahdan imtina etdiyini yazmışdı.