G7 ölkələri Rusiyanın enerji sektoruna qarşı sanksiya təzyiqini artırmağa hazırlaşır.
MSNews.az xəbər verir ki, Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekun bəyanatında liderlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyiblər.
G7-nin rəsmi bəyanatında qeyd olunur ki, ölkələr Rusiyanın “müharibə iqtisadiyyatı”na təzyiqi artırmaq niyyətindədirlər. Bu çərçivədə Rusiyaya qarşı sanksiyaların, o cümlədən neft və qaz sektorlarına yönələn məhdudiyyətlərin gücləndiriləcəyi bildirilib.
Liderlər həmçinin Ukraynaya hərbi dəstəyi artırmaq barədə razılaşıblar. Sənəddə hava hücumundan müdafiə imkanlarının, əlavə sistem və interceptorların, eləcə də uzaqmənzilli imkanların tədarükünün genişləndiriləcəyi vurğulanıb.
“Reuters” xəbər verir ki, G7 liderləri Rusiyaya qarşı əlavə təzyiq qərarını ABŞ və İran arasında əldə edilən razılaşma ilə də əlaqələndiriblər. Sammit iştirakçıları hesab edir ki, Hörmüz boğazında hərəkətin bərpası enerji bazarlarında riskləri azaldır və Rusiyanın neft-qaz sektoruna qarşı daha sərt addımlar üçün şərait yaradır.
Bəyanatda G7 ölkələrinin enerji təchizatı marşrutlarını şaxələndirmək, Hörmüz boğazından asılılığı azaltmaq və enerji ehtiyatlarını artırmaq niyyətində olduqları da qeyd olunub.
“Reuters” yazır ki, ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşma Hörmüz boğazında dəniz nəqliyyatının bərpasını nəzərdə tutur. Bu, qlobal enerji bazarları üçün mühüm amil hesab olunur.
Bununla belə, yeni sanksiyaların konkret mexanizmləri və tətbiq tarixi hələlik açıqlanmayıb. G7 ölkələrinin bu istiqamətdə əlavə qərarları yaxın müddətdə razılaşdıracağı gözlənilir.