Duma xaricdəki rusiyalıların müdafiəsi üçün ordudan istifadəyə icazə verdi

Rusiya Dövlət Duması xaricdə həbs edilən və ya məhkəmə təqibinə məruz qalan rusiyalıların müdafiəsi üçün Silahlı Qüvvələrdən istifadəni mümkün edən qanun layihəsini qəbul edib.

Rusiya Dövlət Duması xarici ölkələrdə həbs edilən, saxlanılan və ya məhkəmə təqibinə məruz qalan Rusiya vətəndaşlarının müdafiəsi üçün Silahlı Qüvvələrdən istifadə olunmasına imkan verən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. Qərar mayın 13-də keçirilən plenar iclasda təsdiqlənib.

MSNews.az xəbəri “İnterfax” nəşrinə istinadən verir.

Sənədə əsasən, Rusiya Prezidenti xaricdə Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Silahlı Qüvvələrin birləşmələrindən istifadə barədə qərar qəbul edə biləcək. Bu, xarici dövlətlərin məhkəmələri və ya Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmə orqanlarının qərarları əsasında rusiyalıların həbs, saxlanma, cinayət və digər təqibə məruz qalması hallarında tətbiq oluna bilər.

Qanun layihəsində həmçinin nəzərdə tutulur ki, Rusiya dövlət orqanları Prezidentin qərarı ilə belə hallarda vətəndaşların müdafiəsi üçün öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görməlidir. Layihənin müəllifləri bunu xaricdə Rusiya vətəndaşlarının hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının qorunması ilə izah edirlər.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin qanun layihəsini şərh edərkən bildirib ki, Qərb məhkəmə sistemi “arzuolunmaz şəxslərə qarşı repressiya alətinə” çevrilib. Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov isə təşəbbüsün rusiyalıları xarici “qanunsuz təqiblərdən” qorumağa yönəldiyini bildirib.

Hazırkı qaydalara görə, Rusiya Prezidenti Silahlı Qüvvələri onların birbaşa təyinatına aid olmayan vəzifələrin icrasına cəlb edə bilir. Yeni dəyişiklik isə bu mexanizmə xaricdə həbs və məhkəmə təqibi ilə üzləşən Rusiya vətəndaşlarının müdafiəsi halını da əlavə edir. TASS-ın məlumatına görə, sənəd Rusiya Prezidenti tərəfindən imzalanarsa, rəsmi dərcindən 10 gün sonra qüvvəyə minəcək.