CSIS: Rusiyanın Ukraynada itkiləri 1,4 milyona çatıb

CSIS-in yeni tədqiqatına görə, Rusiya 2022-ci ilin fevralından 2026-cı ilin iyununadək Ukrayna müharibəsində təxminən 1,4 milyon hərbi itki verib. Hesabata əsasən, ölənlərin sayı 400-450 min nəfər aralığında qiymətləndirilir.

19

Rusiya-Ukrayna müharibəsində canlı qüvvə itkiləri ilə bağlı yeni qiymətləndirmələr Moskvanın cəbhədə ağır insan itkisi verdiyini göstərir.

MSNews.az “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”-nə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı vaxtdan 2026-cı ilin iyununadək təxminən 1,4 milyon döyüş itkisi verib. Bu rəqəmə ölən, yaralanan və itkin düşən hərbçilər daxildir. Mərkəzin hesablamalarına görə, həmin dövrdə Rusiyanın həlak olan hərbçilərinin sayı 400-450 min nəfər aralığında qiymətləndirilir.

Tədqiqatda qeyd olunur ki, 2026-cı ildə Rusiya ordusunun aylıq itkiləri təxminən 30-34 min nəfər olub. Bu göstəricinin Rusiyanın ay ərzində cəlb etdiyi yeni müqaviləli hərbçilərin sayını — təxminən 27 min nəfəri — üstələdiyi bildirilir. “CSIS” analitiklərinin qiymətləndirməsinə əsasən, 2026-cı ilin birinci yarısında Rusiya və Ukrayna arasındakı itki nisbəti Ukraynanın xeyrinə təxminən 8:1 səviyyəsinə yüksəlib. Buna Ukraynanın pilotsuz uçuş aparatlarından, o cümlədən süni intellektlə dəstəklənən dronlardan daha geniş istifadə etməsi təsir göstərib.

Mərkəz bildirir ki, Rusiyanın Ukraynadakı həlak olan hərbçilərinin sayı ABŞ-ın İkinci Dünya müharibəsindən sonrakı bütün müharibələrdə verdiyi ümumi döyüş itkilərindən təxminən dörd dəfə çoxdur. Hesabata görə, bu göstərici SSRİ və Rusiyanın 1945-ci ildən sonrakı bütün müharibələrdəki ümumi itkilərindən də doqquz dəfədən artıqdır.

Bununla belə, “CSIS” hesab edir ki, yüksək itkilərə baxmayaraq, Rusiya ordusu cəbhədə strateji üstünlük əldə edə bilməyib. Tədqiqatda qeyd edilir ki, 2026-cı ilin yazında Rusiya qüvvələri 2024-cü ilin avqustundan bəri ilk dəfə tutduqlarından daha çox ərazi itirib. Aprel və may aylarında Rusiyanın nəzarət etdiyi ərazilərdə ümumi azalma təxminən 400 kvadratkilometr təşkil edib.

Müharibə dövründə tərəflərin canlı qüvvə itkiləri ilə bağlı rəqəmlər müstəqil şəkildə tam təsdiqlənməsi çətin olan göstəricilər hesab edilir. “The Guardian” da CSIS-in hesabatına istinadla yazır ki, müharibə başlayandan bəri Rusiya və Ukraynanın ümumi hərbi itkiləri 2 milyon nəfəri keçib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031