Çində yüksək məhsuldar keçilər klonlaşdırılıb

Çinli alimlər ilk dəfə yüksək süd məhsuldarlığına malik Saanen cinsli keçilərin kütləvi klonlaşdırılmasını uğurla həyata keçiriblər.

Çinli alimlər heyvandarlıq və bioseleksiya sahəsində mühüm nəticə əldə edərək ölkədə ilk dəfə yüksək süd məhsuldarlığına malik keçilərin kütləvi klonlaşdırılmasını uğurla həyata keçiriblər. Layihə Şenksi əyalətində yerləşən Şimal-Qərb Kənd və Meşə Təsərrüfatı Universitetinin tədqiqatçıları tərəfindən aparılıb. Çin mediasının məlumatına görə, bu nailiyyət süd keçilərinin seleksiyası və heyvandarlıq texnologiyaları baxımından mühüm irəliləyiş hesab olunur.

MSNews.az xəbəri “China Daily” nəşrinə istinadən təqdim edir.

Araşdırma nəticəsində altı sağlam klon keçi balası — dörd erkək və iki dişi dünyaya gəlib. Klonlaşdırma üçün donor kimi yüksək süd məhsuldarlığı ilə seçilən elit Saanen” cinsindən olan keçilərin somatik hüceyrələrindən istifadə edilib. Layihənin rəhbəri Van Syaolunun sözlərinə görə, donor heyvanların illik orta süd məhsuldarlığı 2800 kiloqramdan çox olub.

Tədqiqatçılar bildirirlər ki, donor keçilər yalnız yüksək süd məhsuldarlığı ilə deyil, həm də adi keçilərlə müqayisədə daha yüksək süd yağı və protein göstəriciləri, sabit reproduktiv qabiliyyət, ətraf mühitə uyğunlaşma və xəstəliklərə qarşı davamlılıq xüsusiyyətləri ilə seçilib. Layihədə genom seleksiyası və somatik hüceyrə klonlaşdırılması texnologiyalarından birgə istifadə olunub.

Alimlərin fikrincə, bu texnologiya yüksəkkeyfiyyətli cinslərin çoxaldılmasını sürətləndirə və heyvanların nəsilartırma dövrünü əhəmiyyətli dərəcədə qısalda bilər. Ənənəvi seleksiya üsulları ilə üstün xüsusiyyətlərə malik keçi populyasiyasının formalaşdırılması adətən 8-10 il çəkdiyi halda, klonlaşdırma bu prosesi xeyli sürətləndirmək potensialına malikdir.

Şenksi əyaləti Çinin süd keçisi sənayesində mühüm rol oynayır. Məlumatlara görə, ölkədəki süd keçilərinin təxminən 40 faizi bu əyalətdə yetişdirilir, Çin üzrə keçi südü məhsullarının isə 80 faizi burada emal olunur. Bu baxımdan yeni klonlaşdırma texnologiyası Çinin daxili süd istehsalını artırmaq və heyvandarlıqda genetik seleksiya imkanlarını gücləndirmək üçün strateji əhəmiyyət daşıyır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.