Cənubi Koreya prezidenti yığmanın uğursuzluğunun araşdırılmasını istədi

Cənubi Koreya Prezidenti Li Ce Myon milli komandanın dünya çempionatındakı uğursuzluğundan sonra səbəblərin rəsmi şəkildə araşdırılmasını tələb edib.

22

Cənubi Koreya Prezidenti Li Ce Myon milli futbol komandasının 2026-cı il dünya çempionatındakı uğursuz çıxışının səbəblərinin araşdırılmasını istəyib.

MSNews.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Hankyoreh” nəşrinin məlumatına görə, Li Ce Myon Cənubi Koreya millisinin 1/16 finala yüksələ bilməməsini “təşkilat və kadr siyasətinin uğursuzluğu” kimi qiymətləndirib.

“Peşəkar futbol klubunun keçmiş fəxri prezidenti və qəlbən ‘Qırmızı şeytanlar’ın üzvü kimi mən bu gözlənilməz nəticədən sadəcə təəccüblənməmişəm, sarsılmışam”, – prezident bildirib.

Li Ce Myonun sözlərinə görə, hadisə bir daha göstərib ki, “kadrlar hər şeyi həll edir”. O, rəhbər vəzifələrə peşəkar keyfiyyətlərə görə deyil, “öz adamları” prinsipi ilə səriştəsiz şəxslər təyin ediləndə nəticənin əvvəlcədən bəlli olduğunu deyib.

Prezident Koreya futbol idarəçiliyini də sərt tənqid edib. O bildirib ki, şəffaflıq, obyektivlik və ədalətli nəzarət mexanizmləri gücləndirilməli, qərar qəbul edən şəxslər nəticələrə görə məsuliyyət daşımalıdır.

Li Ce Myon Mədəniyyət, İdman və Turizm Nazirliyindən vəziyyəti hərtərəfli təhlil etməyi, uğursuzluğun səbəblərini müəyyənləşdirməyi və gələcəkdə belə halların təkrarlanmaması üçün tədbirlər hazırlamağı xahiş edib.

“Reuters”in məlumatına görə, Cənubi Koreya mundiala Çexiya üzərində 2:1 hesablı qələbə ilə başlayıb. Lakin daha sonra Meksika və Cənubi Afrikaya məğlubiyyət komandanın pley-offa çıxmaq şansını əlindən alıb.

Komandanın qrupdan çıxa bilməməsi ölkədə ciddi narazılıq yaradıb. “Al Jazeera” yazır ki, uğursuzluqdan sonra baş məşqçi Hon Myon Bo istefa verib, Koreya Futbol Assosiasiyası isə azarkeşlərin və keçmiş futbolçuların sərt tənqidi ilə üzləşib.

Tənqidlərin əsas hədəflərindən biri Hon Myon Bonun heyət seçimi olub. Xüsusilə, Son Hın Minin Cənubi Afrika ilə həlledici oyunda start heyətində yer almaması ölkədə geniş müzakirələrə səbəb olub.

Son Hın Min də komandanın uğursuzluğundan sonra azarkeşlərdən üzr istəyib. O, Cənubi Koreya xalqının və futbolsevərlərin məyusluğunu başa düşdüyünü bildirib və futbolçulara dəstək göstərilməsini xahiş edib.

Cənubi Koreya futbol ictimaiyyətində isə artıq sistemli dəyişiklik çağırışları səslənir. Keçmiş futbolçular və azarkeşlər hesab edirlər ki, problem təkcə bir turnirdəki nəticə ilə məhdudlaşmır, milli komandanın idarə olunması, məşqçi seçimi və futbol administrasiyasında daha dərin islahatlar tələb olunur.

Li Ce Myonun açıqlaması bu müzakirələri dövlət səviyyəsinə çıxarıb. Prezidentin göstərişindən sonra Mədəniyyət, İdman və Turizm Nazirliyinin Koreya Futbol Assosiasiyasının fəaliyyəti və mundial hazırlığı ilə bağlı ayrıca qiymətləndirmə aparacağı gözlənilir.