İngiltərə–Qana matçı öncəsi keçirilən ənənəvi əl sıxma mərasimi Tomas Parti ətrafında yenidən müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, “talkSPORT” görüntülərdə İngiltərə millisinin müdafiəçisi Ced Spensin Qana yarımmüdafiəçisi Tomas Parti ilə əl sıxmaqdan yayındığını yazıb. Eyni məlumatı “The Sun” da yayıb.
Hadisə DÇ-2026-nın qrup mərhələsində İngiltərə və Qana arasında keçirilən oyun öncəsi baş verib. Məlumata görə, İngiltərə yığmasının digər futbolçuları protokol qaydasında rəqiblərlə əl sıxıblar, Spens isə Parti ilə təmasdan yayınan oyunçu kimi diqqət çəkib.
Tomas Parti Böyük Britaniyada bir neçə zorakılıq xarakterli cinsi cinayət ittihamı ilə məhkəmə prosesi ilə üz-üzədir. Futbolçu ittihamların hamısını rədd edir və iş üzrə yekun məhkəmə qərarı hələ çıxarılmayıb.
“Reuters” yazır ki, Parti Kanada vizası rədd edildiyi üçün Qananın Panama ilə oyununda iştirak edə bilməyib. Kanada məhkəməsi onun ölkəyə giriş qadağasının ləğvi ilə bağlı müraciətini təmin etməyib.
“The Guardian” bildirir ki, Parti sonradan ABŞ ərazisində keçirilən matçlarda iştirak üçün komandaya qoşula bilib. Qana millisinin baş məşqçisi Karlos Kueyroz isə daha əvvəl futbolçunun heyətdə yer almasını təqsirsizlik prezumpsiyası ilə izah etmişdi.