Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraeş ölkənin keçmiş prezidenti Jair Bolsonaronun oğlu, sabiq deputat Eduardo Bolsonaro barəsində həbs qərarı çıxarıb.
MSNews.az xəbər verir ki, qərar oktyabrın 8-də, Eduardonun qardaşı Flavio Bolsonaronun prezident seçkilərinin birinci turunda birinci yeri tutmasından dörd gün sonra qəbul edilib.
Bu barədə “Associated Press” məlumat yayıb.
2025-ci ildən ABŞ-nin Texas ştatında yaşayan Eduardo Bolsonaro iyun ayında məhkəmə prosesinə qanunsuz təsir göstərmək cəhdində təqsirli bilinərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın müəyyənləşdirdiyinə görə, keçmiş deputat ABŞ administrasiyasının Braziliyaya qarşı gömrük tarifləri və sanksiyalar tətbiq etməsinə nail olmağa çalışıb. Məqsəd atasının dövlət çevrilişinə cəhddə ittiham olunduğu məhkəmə prosesinə təsir göstərmək olub.
“Reuters” agentliyinin məlumatına görə, Moraeş hökmün dərhal icrasına başlanılmasını, Eduardonun Braziliya pasportlarının ləğvini və həbs orderinin verilməsini əmr edib. Sənədə əsasən, keçmiş deputat ölkəyə qayıdacağı təqdirdə Federal Polis tərəfindən saxlanılmalıdır.
Qeyd edək ki, Braziliyada prezident seçkilərinin oktyabrın 4-də keçirilən birinci turunda Flavio Bolsonaro səslərin 47 faizini, hazırkı prezident Luiz İnasio Lula da Silva isə 45 faizini qazanıb. Seçkilərin ikinci turu oktyabrın 25-nə təyin edilib.