Bolqarıstan İrandan birbaşa zərbə təhlükəsi görmür

Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ölkəyə və Bezmer aviabazasına İran tərəfindən birbaşa hücum təhlükəsinin olmadığını bildirib. Açıqlama “Financial Times”ın Tehranla bağlı məlumatından sonra verilib.

39

Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ölkənin milli təhlükəsizliyinə və ABŞ təyyarələrinin yerləşdirildiyi Bezmer aviabazasına İran tərəfindən hazırda birbaşa təhlükə olmadığını bildirib.

MSNews.az xəbər verir ki, açıqlama “Financial Times” qəzetinin İranın ABŞ-la münaqişənin yenidən kəskinləşəcəyi təqdirdə Avropadakı hərbi obyektlərə mümkün zərbə variantlarını nəzərdən keçirdiyi barədə məlumatından sonra verilib. Nəşr iki İran mənbəsinə istinadən mümkün hədəflər sırasında Bolqarıstandakı ABŞ hərbi aktivlərini və Kipri qeyd edib.

Stoyanov “BTA” agentliyinə bildirib ki, bir gün əvvəl Müdafiə Kəşfiyyatı Xidmətindən aldığı sənəddə nə milli təhlükəsizliyə, nə də ABŞ təyyarələrinin yerləşdiyi obyektlərə birbaşa təhlükənin olmadığı göstərilib. Nazir həmçinin tərəfdaş kəşfiyyat xidmətlərindən daxil olan məlumatların da bu qiymətləndirməni təsdiqlədiyini deyib.

Bununla belə, Bolqarıstan hakimiyyəti ehtiyat tədbirlərini gücləndirib. Daxili işlər naziri İvan Demerdjiyevin sözlərinə görə, Bezmer aviabazasının mühafizəsi mövcud kəşfiyyat məlumatlarının göstərdiyi risk səviyyəsindən daha yüksək təhdid ssenarilərinə uyğun şəkildə təşkil olunub.

Bolqarıstan parlamenti iyulda Bezmer bazasında 8-dək ABŞ KC-135 yanacaqdolduran təyyarəsinin və 250-dək amerikalı hərbçinin iyulun 24-dən oktyabrın 1-dək müvəqqəti yerləşdirilməsinə icazə verib. Sofiya bunun Yaxın Şərqdəki ABŞ əməliyyatlarına logistik dəstək xarakteri daşıdığını və Bolqarıstanın döyüş əməliyyatlarında iştirakı anlamına gəlmədiyini bildirir.

Kipr də yayılan məlumatlara münasibət bildirib. “Cyprus Mail”-ə danışan Kipr Xarici İşlər Nazirliyindəki mənbə Nikosiyanın Tehranla əlaqə saxladığını və ölkənin İran üçün hədəf hesab edilmədiyini deyib. Böyük Britaniya Müdafiə Nazirliyi isə Kiprdəki Akrotiri aviabazasının çoxsəviyyəli təhlükəsizlik sistemi ilə qorunduğunu və tədbirlərin daimi nəzərdən keçirildiyini açıqlayıb.

NATO da mümkün təhlükələrə qarşı alyans ölkələrini müdafiə etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, “Financial Times”ın məlumatı İran hökumətinin rəsmi şəkildə Bolqarıstan və ya Kiprə zərbə endirmək qərarı verməsi anlamına gəlmir və mümkün ssenarilərin nəzərdən keçirildiyinə dair mənbə məlumatlarına əsaslanır.