Azərbaycan XİN Fransaya sərt cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa XİN rəhbəri Jan-Noel Baronun ölkəmizlə bağlı ittihamlarını qətiyyətlə pisləyib. Ayxan Hacızadə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərlə bağlı iddiaların əsassız olduğunu bildirərək Parisi qarşıdurma ritorikasından əl çəkməyə çağırıb.

50

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun ölkəmizə qarşı səsləndirdiyi ittihamları qətiyyətlə pisləyib. Rəsmi Bakı Parisin Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə baş verən proseslərlə bağlı Azərbaycanı günahlandırmasını əsassız adlandıraraq Fransa tərəfini qarşıdurma ritorikasından əl çəkməyə çağırıb.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə oktyabrın 14-də yaydığı açıqlamada bildirib.

Açıqlama Fransa xarici işlər naziri Jan-Noel Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda çıxışına cavab olaraq verilib.

Ayxan Hacızadə bildirib ki, Baronun Azərbaycana qarşı ittihamları Fransanın ikitərəfli münasibətlərdə qarşıdurma ritorikasından hələ də imtina etmədiyini göstərir.

XİN rəsmisi Azərbaycanın Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda mübarizəyə müdaxilə etməsi barədə iddiaları rədd edib.

Onun sözlərinə görə, həmin ərazilərdə baş verən prosesləri xarici müdaxilə ilə əlaqələndirmək yerli əhalinin iradəsini və narahatlıqlarını arxa plana keçirmək cəhdidir.

“Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır”, – deyə Hacızadə vurğulayıb.

XİN nümayəndəsi bildirib ki, demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmiləri ilk növbədə bu prinsiplərin öz ölkələrinin daxili və xarici siyasətində ardıcıl tətbiqinə diqqət yetirməlidirlər.

“Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq”, – deyə XİN rəsmisi bəyan edib.

Qeyd edək ki, Yeni Kaledoniya və Fransanın digər dənizaşırı əraziləri ilə bağlı məsələlər son illərdə Bakı ilə Paris arasında diplomatik fikir ayrılıqlarının mövzularından biri olub.

Fransa rəsmiləri daha əvvəl də Azərbaycanı həmin ərazilərdəki proseslərə müdaxilədə ittiham ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu iddiaları dəfələrlə rədd edib. Yanvarın 30-da dərc olunan rəsmi açıqlamada da oxşar ittihamlar əsassız kimi qiymətləndirilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.