Azərbaycan və Türkmənistan prezidentləri Füzulidə dağıdılmış ərazilərə baxıblar

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. Ali qonağa şəhərin Baş planı və Türkmənistan tərəfindən inşa olunan məscid barədə məlumat verilib.

15

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış əraziləri ilə tanış olublar.

MSNews.az xəbər verir ki, bu barədə “AZƏRTAC” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ali qonağa 30 illik işğal dövründə Füzuli rayonunda törədilmiş dağıntılar və vandalizm aktları barədə məlumat verib. O, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlərdən danışıb.

Qeyd olunub ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri işğal dövründə tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad edildikdən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlət başçısı tərəfindən təsdiqlənib.

Məlumata əsasən, Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan şəhərin Baş planına görə, 2040-cı ilədək burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə “Ağıllı şəhər” konsepsiyası tətbiq ediləcək.

Türkmənistan Prezidentinə Füzulidə Türkmənistan tərəfindən inşa olunan məscid barədə də məlumat verilib. Bildirilib ki, məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metr hündürlüyündə iki minarəsi olacaq, əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək.

Məsciddə eyni vaxtda 500 nəfərin ibadət edə biləcəyi qeyd olunub.