Avstraliya 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinə məhdudiyyət tətbiq edən ilk ölkə oldu. Qadağa çərşənbə günü, Azərbaycan vaxtı ilə 18:00-da qüvvəyə minəcək və “Instagram”, “TikTok”, “YouTube” və “X” daxil olmaqla 10 platformanı əhatə edir. Qaydaları pozan şirkətlər 49,5 milyon Avstraliya dollarına qədər cərimə olunacaq.
Qadağa böyük texnologiya şirkətləri tərəfindən tənqid edilərkən, bəzi tənqidçilər bunun ifadə azadlığını məhdudlaşdıra biləcəyini bildiriblər. Lakin valideynlər və uşaq hüquqları müdafiəçiləri bu addımı müsbət qarşılayıblar.
Qadağanın tətbiqi “Meta”-nın sızan daxili sənədlərindən sonra daha da diqqət çəkdi. Sənədlər göstərdi ki, şirkət yeniyetmələrdə bədən qavrayışı problemləri və intihar düşüncələri ilə sosial medianın əlaqəsini bilsə də, məlumatları gizlədib.
Avstraliyada qadağa ilk mərhələdə 10 platformanı əhatə edir və hökumət yeni məhsullar çıxdıqca siyahını yeniləyəcəyini açıqlayıb. Gənclər isə artıq qadağanı keçmək üçün VPN istifadəsi və doğum günlərini dəyişmək kimi üsullar üzərində çalışırlar.
Qadağa dünya tərəfindən diqqətlə izlənilir və Avstraliya digər ölkələr üçün “sınaq sahəsi” rolunu oynayır. “X” platforması istisna olmaqla, digər platformalar yaş təsdiqi üçün onlayn davranış, selfi əsasında yoxlama, şəxsiyyət sənədi və ya bank hesabı kimi metodlardan istifadə etməyi planlaşdırır. Hökumət məlumat verir ki, qadağa tətbiqindən əvvəl 8-15 yaş arası uşaqların 86%-i sosial mediadan istifadə edirdi.
MS-News.az