Kruiz gəmisində hantavirus şübhəsi: 3 nəfər öldü

"MV Hondius" kruiz gəmisində ehtimal olunan hantavirus yayılması nəticəsində üç sərnişin ölüb, daha üç nəfər xəstələnib. ÜST hadisə ilə bağlı araşdırma aparır.

7

Niderlandda yerləşən “Oceanwide Expeditions” şirkətinə məxsus “MV Hondius” kruiz gəmisində ehtimal olunan hantavirus yayılması nəticəsində üç sərnişin ölüb, daha üç nəfər isə xəstələnib. “Reuters”-in məlumatına görə, gəmi Atlantik okeanında, Afrikanın qərbində yerləşən Kabo-Verde yaxınlığında olarkən operator şirkət “ciddi tibbi vəziyyət”in idarə edildiyini açıqlayıb. 

Məlumata əsasən, gəmi təxminən üç həftə əvvəl Argentinadan yola çıxıb, Antarktida və digər məntəqələrdən keçərək Kabo-Verde istiqamətində hərəkət edib. Gəmidə təxminən 150 sərnişinin olduğu bildirilir. Niderland Xarici İşlər Nazirliyi iki niderlandlı sərnişinin öldüyünü təsdiqləyib, lakin onların səhhəti ilə bağlı əlavə detal açıqlamayıb.

Ümumdünya Səhiyyə Təşkilatı hadisə ilə bağlı araşdırma aparır. ÜST bildirib ki, altı nəfərdən birində hantavirus laboratoriya testləri ilə təsdiqlənib. Xəstələrdən birinin Cənubi Afrikada reanimasiyada olduğu açıqlanıb. Həmin şəxsin Britaniya vətəndaşı olduğu Cənubi Afrika Səhiyyə Departamentinə istinadən qeyd edilir.

“Oceanwide Expeditions” bildirib ki, Kabo-Verde hakimiyyəti tibbi yardıma ehtiyacı olan sərnişinlərin sahilə çıxarılmasına icazə verməyib. Bu səbəbdən Niderland hakimiyyəti iki simptomlu sərnişinin, həmçinin ölən sərnişinlərdən birinin nəşinin repatriasiyasını təşkil etməyə çalışır. ÜST də üzv dövlətlər və gəmi operatoru ilə tibbi təxliyə, risk qiymətləndirilməsi və gəmidə qalan sərnişinlərə dəstək məsələlərini koordinasiya etdiyini açıqlayıb.

Hantavirus əsasən siçan və siçovul kimi gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas nəticəsində insana keçə bilər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, yoluxma xüsusilə həmin maddələr havaya qarışdıqda və insan bu çirklənmiş havanı udduqda baş verə bilər.

Xəstəlik əvvəlcə qripə bənzər əlamətlərlə — qızdırma, əzələ ağrıları və halsızlıqla başlaya, daha sonra ağır tənəffüs çatışmazlığına çevrilə bilər. Hantavirus üçün spesifik müalicə yoxdur; ağır hallarda xəstəyə dəstəkləyici müalicə, o cümlədən süni tənəffüs aparatı ilə yardım lazım ola bilər.

Hazırda virusun gəmidə necə yayıldığı dəqiq məlum deyil. ÜST və aidiyyəti ölkələrin səhiyyə qurumları həm yoluxma mənbəyini, həm də gəmidə qalan sərnişin və heyət üzvləri üçün risk səviyyəsini müəyyənləşdirməyə çalışır.