“Amnesty International” Nigeriyanın şimal-şərqində bazara endirilən hava zərbəsi ilə bağlı müstəqil araşdırma aparılmasını tələb edib. Hüquq müdafiə təşkilatının və yerli mənbələrin məlumatına görə, Yobe ştatında həftəlik bazarın vurulması nəticəsində aralarında uşaqların da olduğu çoxsaylı mülki şəxs həlak olub.
“Associated Press” ölənlərin sayını 100-dən çox, “Reuters” isə yerli mənbələrə istinadla 200-ə yaxın olaraq təqdim edir.
Hadisə şənbə günü Yobe ilə Borno ştatlarının sərhədi yaxınlığındakı Jilli bazarında baş verib. Nəşr yazır ki, Nigeriya Hərbi Hava Qüvvələrinin zərbəsi əslində silahlı qrupları hədəf almalı idi, lakin bazara düşüb.
Hərbçilər ilkin açıqlamada terrorçu düşərgəsinə qarşı uğurlu əməliyyat keçirdiklərini bildiriblər, lakin mülki itkilər barədə danışmayıblar. Sonradan Nigeriya Hərbi Hava Qüvvələri iddiaları araşdırmaq üçün özünün Mülki Zərər və Təhqiqat bölməsini hadisə yerinə göndərdiyini açıqlayıb.
“Amnesty International” isə bildirib ki, sağ qalanlarla danışdıqdan sonra ən azı 100 nəfərin öldüyünü təsdiqləyib və müstəqil, şəffaf istintaq tələb edir. Təşkilat ordunu mülki qurbanları sonradan “bandit” və ya “terrorçu” kimi təqdim etməkdə də tənqid edib.
Bu hadisə Nigeriyada son illərdə hərbi hava əməliyyatları zamanı baş verən ən ağır mülki itki hallarından biri kimi qiymətləndirilir. 2017-ci ildən bəri ölkədə bu cür səhv zərbələr nəticəsində azı 500 mülki şəxs ölüb.