Almaniya Futbol İttifaqı (DFB) 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə Dünya Çempionatının boykot edilməsi ideyasını dəstəkləmədiyini açıqlayıb.
İttifaqın rəsmi saytında yayımlanan bəyanatda Almaniya millisinin turnirdə iştirakdan imtina etməyi planlaşdırmadığı bildirilib. DFB-nin açıqlamasında vurğulanıb ki, futbolun birləşdirici gücünə inanılır və Dünya Çempionatının qlobal miqyasda müsbət təsir göstərə biləcək platforma olduğu düşünülür.
Bəyanatda qeyd olunub:
“Biz futbolun birləşdirici gücünə və Dünya Çempionatının qlobal təsirinə inanırıq. Məqsədimiz futbolun müsbət təsirindən istifadə etmək və onu gücləndirməkdir, bu gücə mane olmaq deyil.”
Məsələ Almaniya Futbol İttifaqının idarə heyətinin iclasında müzakirə olunub və iclasın nəticəsinə əsasən boykot ideyasına dəstək verilməməsi qərara alınıb. DFB Dünya Çempionatını ölkələr və xalqlar arasında həmrəyliyi təşviq edən bir vasitə kimi dəyərləndirdiyini bildirib.
Qeyd edək ki, “The Washington Post” qəzeti yanvarın 28-də ABŞ-ın siyasi kursu ilə bağlı narazılıqlar fonunda 2026-cı il Dünya Çempionatının boykot edilməsi çağırışlarının artdığını yazmışdı. Bu çağırışlara səbəb kimi ABŞ Prezidenti Donald Trumpın Venesuela və Qrenlandiya ilə bağlı siyasəti, həmçinin Minneapolis şəhərində baş verən hadisələrlə bağlı narahatlıqlar göstərilmişdi.
2026-cı il futbol üzrə Dünya Çempionatı FIFA-nın təşkilatçılığı ilə ABŞ, Kanada və Meksikada keçiriləcək.