ABŞ Rusiyada mümkün taun hadisəsini izləyir

ABŞ administrasiyası Rusiyanın İrkutsk vilayətində taun əleyhinə institutun əməkdaşının ölümündən sonra yaranan vəziyyəti izləyir. Rusiya rəsmiləri isə taun diaqnozunun hələ təsdiqlənmədiyini bildirirlər.

75

ABŞ administrasiyası Rusiyanın İrkutsk vilayətində taun əleyhinə tədqiqat institutunun əməkdaşının ölümündən sonra mümkün ağciyər taunu ilə bağlı vəziyyəti izləyir. Bununla belə, Rusiya rəsmiləri qadının tauna yoluxduğunu hələ təsdiqləməyiblər.

MSNews.az xəbər verir ki, “Axios” ABŞ administrasiyasındakı mənbələrə istinadən Vaşinqtonun hadisəni yaxından izlədiyini yazıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi də “Al Jazeera” kanalına açıqlamasında İrkutsk vilayətində “ehtimal olunan ağciyər taunu” ilə bağlı məlumatlardan xəbərdar olduqlarını və vəziyyəti CDC ilə birlikdə izlədiklərini bildirib.

Hadisənin mərkəzində İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı əməkdaşı Darya Şipilova dayanır. Yerli mediada yayılan məlumata görə, o, sentyabrın 25-də laboratoriyada işləyərkən taun törədicisi olduğu iddia edilən materialın saxlandığı sınaq şüşəsini sındırıb. Lakin bu versiya Rusiya hakimiyyəti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Şipilova sentyabrın 29-da ağır pnevmoniya əlamətləri ilə Şelехov rayon xəstəxanasına yerləşdirilib və oktyabrın 2-də reanimasiya şöbəsində vəfat edib.

Rospotrebnadzor isə onun ölümünün “naməlum etiologiyalı pnevmoniya” ilə əlaqəli olduğunu açıqlayıb. Qurumun məlumatına görə, aparılan genişləndirilmiş laboratoriya testlərində Şipilovanın peşə fəaliyyəti ilə bağlı mikroorqanizmlər aşkarlanmayıb. Buna görə onun ölümünün məhz taun bakteriyası — Yersinia pestis ilə əlaqəli olduğu hələlik təsdiqlənməyib.

Hadisədən sonra İrkutsk və Şelехovdakı bəzi tibb müəssisələrində əlavə epidemioloji tədbirlər görülüb. Yerli mediaya görə, Şipilova ilə təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarət altına alınıb. Hazırkı məlumatlara əsasən, həmin şəxslər arasında taun əlamətləri qeydə alınmayıb və ilkin testlər mənfi nəticə verib.

Buryatiya rəhbəri Aleksey Tsıdenov da hadisəyə münasibət bildirərək qadının “ehtimal ki, taun xəstəliyindən” öldüyünü deyib. Bununla belə, federal səhiyyə qurumları yekun diaqnoz açıqlamayıb və regiondakı epidemioloji vəziyyətin stabil olduğunu bildirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağciyər taunu Yersinia pestis bakteriyasının yaratdığı ən ağır taun formalarından biridir və vaxtında antibiotik müalicəsi aparılmadıqda həyati təhlükə yarada bilər.

Hazırda İrkutsk vilayətində genişmiqyaslı taun epidemiyasının başladığını təsdiqləyən rəsmi məlumat yoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.