ABŞ-İran nüvə danışıqlarının ikinci raundu Cenevrədə keçirilə bilər

"Axios"-un məlumatına görə, ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsinin 17 fevralda Cenevrədə keçirilməsi planlaşdırılır. Görüşdə ABŞ və İranın yüksək səviyyəli nümayəndələri iştirak edə bilər.

44

ABŞ ilə İran arasında nüvə proqramı üzrə aparılan danışıqların ikinci raundunun 17 fevral çərşənbə axşamı İsveçrənin Cenevrə şəhərində keçirilməsinin gözlənildiyi bildirilir.

Amerikanın “Axios” xəbər platformasına danışan ABŞ rəsmisi və məsələyə yaxın üç mənbənin sözlərinə görə, tərəflər fevralın 6-da Omanda keçirilən dolayı danışıqların davamı kimi yeni görüşə hazırlaşır.

Mənbələrin məlumatına əsasən, ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner daxil olacaq. İran nümayəndə heyətinə isə ölkənin xarici işlər naziri Abbas Araqçinin rəhbərlik etməsi gözlənilir.

Danışıqlarda vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Badr bin Hamad Al Busaidinin də iştirak edəcəyi bildirilir.

ABŞ-li rəsmi bildirib ki, Uitkoff həftənin əvvəlində Busaidi ilə telefon danışığı apararaq Vaşinqtonun nüvə danışıqları ilə bağlı mesajlarını Tehrana çatdırmasını istəyib. Qeyd olunur ki, Busaidi həmin mesajı Maskata səfər edən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaniyə ötürüb. Laricani İran dövlət televiziyasına müsahibəsində ABŞ-ın mesajını aldığını təsdiqləyib.

Prezident Tramp son açıqlamasında İranla razılıq əldə etmək istədiklərini və danışıqların davam etdiyini bildirib. O, razılaşma əldə olunmayacağı təqdirdə “ikinci mərhələyə” keçiləcəyini və bunun İran üçün çətin olacağını deyib.

Xatırladaq ki, İran ilə ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda İsrail və ABŞ-ın İrana hücumlarından sonra dayandırılmışdı. Tərəflər fevralın 6-da Omanda yenidən masa arxasına qayıtmışdı. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həmin görüşlərin tərəflərin prosesi davam etdirmək barədə razılaşması ilə başa çatdığını bildirmişdi.

Danışıqlar Vaşinqton ilə Tehran arasında gərginliyin yenidən artdığı və ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirdiyi bir vaxtda keçirilir.