İranda etirazlar qanlı toqquşmalara çevrildi – ÖLƏNLƏR VAR

İranda valyuta böhranı və yüksək inflyasiyaya qarşı başlayan etirazlar zamanı bir neçə nəfər ölüb. Ölkənin müxtəlif bölgələrində toqquşmaların baş verdiyi bildirilir.

79

İranda milli valyutanın kəskin dəyər itirməsi və yüksək inflyasiya fonunda başlayan kütləvi etirazlar zorakılıqla müşayiət olunub. “Reuters” agentliyinə istinadən xəbər veririk ki, son üç gün ərzində ölkədə baş verən ən genişmiqyaslı etirazlar zamanı bir neçə nəfər həyatını itirib.

Yarı-rəsmi “Fars” xəbər agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən bildirib ki, ölkənin qərbində yerləşən Luristan əyalətinin Lordegan şəhərində polis ilə silahlı etirazçılar arasında baş verən toqquşmalar nəticəsində ölənlər olub. İnsan haqları üzrə fəaliyyət göstərən “Hengaw” təşkilatı isə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığını, ölən və yaralananların olduğunu açıqlayıb.

Etirazlar bazar günü mağaza sahiblərinin inflyasiya və rialın ucuzlaşmasına qarşı aksiyalarından sonra genişlənib. Son toqquşmalar, eləcə də, bir gün əvvəl təhlükəsizlik əməkdaşının və bir etirazçının ölümü ölkədəki gərginliyin ciddi şəkildə artdığını göstərir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı açıqlamada, Qərbi İranın Kuhdəşt şəhərində “Bəsic” könüllü paramilitar qüvvəsinin üzvü Əmirhossam Xodayari Fərdin öldürüldüyü, 13 nəfərin isə yaralandığı bildirilib. “Hengaw” isə İsfahan əyalətində bir etirazçının güllələnərək öldürüldüyünü qeyd edib.

Etirazlar cənubdakı Fars əyalətinin Marvdaşt şəhərində də davam edib. İnsan haqları fəalları Kermanşah, Xuzistan və Həmədan əyalətlərində etirazçıların saxlanıldığını bildiriblər. HRANA xəbər agentliyi isə şəhərlərdə təhlükəsizlik qüvvələrinin güclü şəkildə yerləşdirildiyini, bəzi ərazilərdə atışma və qarşıdurmaların yaşandığını yazıb.

Mövcud gərginlik İran hakimiyyəti üçün xüsusilə həssas dövrə təsadüf edir. Qərb sanksiyaları səbəbindən zəifləyən iqtisadiyyat, illik 40 faizdən yuxarı inflyasiya, eləcə də, iyun ayında İsrail və ABŞ tərəfindən həyata keçirilmiş hava zərbələri ölkənin maliyyə durumunu daha da ağırlaşdırıb.

Hökumət etirazlara həm təhlükəsizlik tədbirləri, həm də dialoq təklifi ilə cavab verib. Hökumət sözçüsü Fatimə Mohacerani bildirib ki, hakimiyyət nümayəndələri ticarət birlikləri və sahibkarlarla birbaşa danışıqlar aparmağa hazırdır. Prezident Məsud Pezeşkian isə daxili işlər nazirinə etirazçıların “qanuni tələblərini dinləmək” tapşırığı verdiyini açıqlayıb.

Qeyd edək ki, İran rialı 2025-ci ildə dollar qarşısında təxminən 50 faiz dəyər itirib, dekabr ayında inflyasiya səviyyəsi isə 42,5 faizə çatıb. Bu amillər etirazların əsas səbəbləri kimi göstərilir.