“Medprosvet”: Sübutlara əsaslanan tibbi maarifləndirmədə lider

Azərbaycanda pasiyentlərə tibbi xidmətlərin əlçatanlığını təmin edən və sağlamlıq, gözəllik, idman sahələrində maarifləndirmə aparan "Medprosvet" layihəsi 2016-cı ildən etibarən fəaliyyət göstərir.

131

Azərbaycanda bütün pasiyentlərə tibbi xidmətlərin əlçatanlığını təmin etmək və vaxt-maddi resurslara qənaət etmək məqsədilə yaradılan “Medprosvet”, 2016-cı ildən etibarən əhalini sağlamlıq, gözəllik və idman sahələrində maarifləndirməyi əsas hədəf kimi qarşıya qoyub.

Bu onlayn platforma 2016-cı ildən etibarən fəaliyyət göstərir və pasiyentlərin sağlamlıq məsələlərində doğru və etibarlı məlumatlara çıxışını təmin edir.

Platformanın təsisçisi və rəhbəri, terapevt-hepatoloq Zaur Orucov saytımıza layihə barədə ətraflı məlumat verərək, gördüyü işlər və gələcək planlardan danışdı.

Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərən həkimlərin birləşdiyi “Medprosvet” layihəsi 8 mart 2016-cı ildə “Facebook” sosial şəbəkəsində yaradılıb və o vaxtdan bəri pasiyentlərə onlayn məsləhətlər təqdim etmək, ixtisaslı həkimlərin axtarışına dəstək olmaq kimi fəaliyyətləri ilə geniş nüfuz qazanıb. Pandemiya dövründə isə “Medprosvet”-in rolu xüsusilə əhəmiyyətli olub — pasiyentlərə dəqiq və etibarlı tibbi məlumat təqdim etmək həyati önəm daşıyıb.

Zaur Orucov bildirib:

“Bizim əsas missiyamız, sübutlara əsaslanan tibbi maarifləndirici məlumatları insanlara çatdırmaqdır. Pasiyentlər öz sağlamlıqları haqqında aktual və doğru məlumatlara sahib olmalıdırlar. “Medprosvet” bunun üçün yaradılıb və biz hər gün bu məqsəd uğrunda çalışırıq.”

“Facebook” qrupumuzun 39 minə yaxın üzvü var və qrup 5 admindən ibarət şura tərəfindən idarə olunur; bizə könüllülər və moderatorlar kömək edir. Sağlamlıq kimi ciddi bir mövzunun spam və qeyri-ciddi məzmun arasında itirilməməsi üçün aydın və ciddi qaydalar hazırlanıb. Eyni zamanda, eyni adlı məhdud məsuliyyətli cəmiyyət isə birbaşa Z.Orucovun rəhbərliyi altında fəaliyyət göstərir.

Layihənin inkişafı sosial media platformasından daha geniş sahəyə keçir, şirkət internet portalının inkişafı, keyfiyyətli qida əlavələrinin idxalı ilə məşğuldur. İlk məhsul olaraq Türkiyədə istehsal olunan “Devi Spray” təqdim edilib ki, bu da D vitamininin defisitini qarşılamaq və ümumi sağlamlığı dəstəkləmək üçün nəzərdə tutulub.

“Devi Spray ilə başlayan yolumuz göstərir ki, sağlamlıq sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə maarifləndirməni inkişaf etdirmək mümkündür. “Medprosvet” yalnız başlanğıcdır və hər addımda yeni imkanlar açılır,” — deyə Zaur Orucov qeyd edib.

“Medprosvet” illər ərzində həm də sosial təşəbbüslər həyata keçirib. Onlardan biri “Dежурка” layihəsi olub. Bu təşəbbüs çərçivəsində özəl klinikalardakı həkimlər pasiyentləri pulsuz qəbul edərək keyfiyyətli tibbi xidmət göstəriblər. Layihə çərçivəsində pasiyentlər təxminən 1 milyon manatdan çox vəsaitlərinə qənaət edə biliblər və tibbi xidmətlərə əlçatanlıq təmin edilib.

Zaur Orucov əlavə edib:

“Biz inanırıq ki, sübutlara əsaslanan tibbin yayılması cəmiyyətin sağlamlığının və həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Hər uğurumuzla yanaşı, biz həmişə yalnız başlanğıcdayıq və qarşıda daha böyük perspektivlər var.”

Hazırda “Medprosvet” ölkəyə idxal olunan qida əlavələrinin çeşidini genişləndirir və yaxın gələcəkdə Azərbaycanda istehsala başlamağı planlaşdırır. Eyni zamanda, layihə səhiyyə sahəsində ictimai nəzarəti davam etdirəcək, bütün aktual mövzulara fəal şəkildə münasibət bildirəcək. Məqsəd isə təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə maarifləndirmə işində nümunə olmaqdır.

“Azərbaycandan yalnız xammal və ərzaq ixrac olunmur,  biz eyni zamanda bilik və maarifləndirmə də ixrac edirik,” — deyə Zaur Orucov vurğulayıb.

Layihənin uğurları, sosial təşəbbüsləri və gələcək planları göstərir ki, “Medprosvet” həm vətəndaşlara fayda verir, həm də Azərbaycanda tibbi maarifləndirmənin inkişafında aparıcı rol oynayır.