Amerikalı ravvin: “Azərbaycan və İsrail arasında qurulan münasibətlər bütün Yaxın Şərq üçün nümunə ola bilər”

Amerikalı ravvin Semuuel Kohonun "Arizona Jewish Post"da dərc olunan məqaləsi Azərbaycana və İsrailə səfərindən, iki ölkənin inkişaf edən münasibətlərindən və Bakı-İsrail tərəfdaşlığının Yaxın Şərq üçün sülh nümunəsi ola biləcəyindən bəhs edir.

80

“Arizona Jewish Post” qəzetində amerikalı ravvin Semuel Kohonun Azərbaycana və İsrailə etdiyi səfər barədə geniş məqalə dərc olunub. Məqalə iki ölkə arasında dinamik şəkildə inkişaf edən münasibətlərə həsr olunub.

Kohon yazır ki, Amerika ravvinlərindən ibarət nümayəndə heyətinin səfəri yüksək səviyyəli görüşlərlə müşayiət olunub – nümayəndəlik Azərbaycan və İsrail diplomatları, parlament üzvləri, nazirlər, ekspertlərlə yanaşı Bakı və İsraildəki yəhudi icmalarının üzvləri ilə görüşüb.

Ravvin vurğulayır ki, Azərbaycan — müsəlman dünyasında İsraillə sıx və qarşılıqlı faydalı əlaqələr saxlayan nadir ölkələrdən biridir. O, ölkədə yəhudilərin minillik tarixə malik olduğunu, Azərbaycanın strateji mövqeyini və Təl-Əvivlə güclü tərəfdaşlığını xüsusi qeyd edir. Kohon həmçinin Bakının təhlükəsizlik sahəsində göstərilən İsrail dəstəyinə yüksək qiymət verdiyini bildirir.

Səfərin ən təsirli məqamlarından birinin Bakının İçərişəhərində baş verdiyini deyən ravvin, yerli rəssamın nümayəndə heyətinə terror qurbanlarının və İsrail əsgərlərinin portretlərini göstərdiyini qeyd edir.

İsraildə isə Kohonu ölkədə daha normal həyat ritminə dönməyin əlamətləri təsirləndirib. Bununla yanaşı, 7 oktyabr faciəsi və döyüş itkiləri ilə bağlı məkanlara səfər onun üçün ağır keçib.

Məqalənin sonunda ravvin Tora nümunəsi ilə Azərbaycan–İsrail münasibətlərinin önəmini belə ifadə edir:

“Toranın son fəsillərində iki qardaş – Yaqub və Esav arasındakı uzunmüddətli yadlaşmanı görürük. Çox vaxt elə görünür ki, bu, yəhudi və müsəlman dünyaları arasında da yaşanır – qardaşlar arasındakı düşmənçilik zorakılığa çevrilib. Amma bu səfər məndə ümid yaratdı ki, müsəlman Azərbaycana və yəhudi dövlətinə xas olan bu “ailə birliyi’ Yaxın Şərqin gələcəyi üçün həqiqi sülh və əməkdaşlıq nümunəsi ola bilər. Kim bilir? Əgər yəhudilər və müsəlmanlar bir yerdə sülh içində yaşaya bilirsə, deməli, dünya da bunu bacarar.”