Argentinada torpaq qanununa etirazlar: “İsraillilərə satış” iddiası təsdiqlənmir

Argentinada Xavyer Miley hökumətinin xaricilərin kənd təsərrüfatı torpaqları almasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq planı kütləvi etirazlara səbəb olub. Lakin layihənin xüsusi olaraq israillilərə torpaq satışı nəzərdə tutduğu barədə sübut yoxdur.

49

Argentinada Prezident Xavyer Miley hökumətinin xarici vətəndaş və şirkətlərin kənd təsərrüfatı torpaqları almasına qoyulan məhdudiyyətləri yumşaltmaq planı geniş etirazlara səbəb olub. Lakin sosial şəbəkələrdə yayılan “torpaqlar xüsusi olaraq israillilərə satılacaq” iddiası qanun layihəsinin mətnində və etibarlı mənbələrdə təsdiqlənmir. Təklif bütün xarici investorları əhatə edirdi.

MSNews.az xəbər verir ki, Miley hökumətinin ilkin layihəsi 2011-ci ildən qüvvədə olan Kənd Torpaqları Qanunundakı məhdudiyyətlərin böyük hissəsini aradan qaldırmağı nəzərdə tuturdu. Mövcud qanuna əsasən, xaricilərin mülkiyyətində olan kənd torpaqları ölkə, əyalət və bələdiyyə səviyyəsində ümumi sahənin 15%-ni keçə bilməz. Eyni xarici ölkənin vətəndaş və şirkətləri isə həmin 15%-lik kvotanın maksimum 30%-nə sahib ola bilirlər.

“El País” bildirir ki, ilkin hökumət planı bu məhdudiyyətlərin əhəmiyyətli hissəsini ləğv etməyi nəzərdə tuturdu.

Müxalifət, həmkarlar ittifaqları və ekoloji təşkilatlar bu yanaşmanın su ehtiyatları, meşələr, kritik minerallar, limanlar və sərhəd əraziləri kimi strateji bölgələrdə xarici mülkiyyətin artmasına şərait yarada biləcəyini bildirirdilər. “TRT Español” etirazçı təşkilatların məhz bu riskləri əsas arqumentlərdən biri kimi göstərdiyini yazır.

Hökumət isə məhdudiyyətlərin yumşaldılmasının xarici investisiyaları artıracağını müdafiə edir. Derequlyasiya naziri Federiko Sturtsenegger dəyişikliklərin təxminən 15 milyard dollarlıq investisiyanın qarşısını açacağını iddia edib. Argentinada hazırda təxminən 13,3 milyon hektar kənd torpağı — ümumi ərazinin 5%-ə yaxını — xarici fiziki və hüquqi şəxslərin mülkiyyətindədir. “Chequeado”nun rəsmi reyestr məlumatlarına əsaslanan araşdırmasına görə, mövcud xarici torpaq sahibləri arasında əsas pay ABŞ, İtaliya və İspaniya ilə əlaqəli şəxslərin payına düşür.

Bununla belə, hökumət ciddi siyasi və ictimai müqavimətlə qarşılaşdıqdan sonra geri addım atıb. Əvvəlcə xaricilərin ümumi torpaq payı üçün mövcud 15%-lik həddin 25%-ə qaldırılması təklif olunub, daha sonra isə xaricilərin torpaq almasına dair bütün mübahisəli bölmə layihədən çıxarılıb. Argentina Senatının rəsmi məlumatına görə, avqustun 7-də qanun 37 lehinə, 33 əleyhinə səslə qəbul edilib, lakin xaricilərin torpaq almasına dair III fəsil artıq mətndə olmayıb.

Buenos-Ayresdə həmin müzakirələr zamanı minlərlə insan “La patria no se vende” — “Vətən satılmır” şüarı ilə Konqres qarşısında etiraz edib. “El País” aksiyalar zamanı polis və nümayişçilər arasında qarşıdurmaların baş verdiyini, 10 nəfərin saxlanıldığını və azı 5 nəfərin yaralandığını bildirib.