1970-ci illərinin sonlarında Bakıda qəribə, mistik və bir o qədər də müəmmalı bir hadisə barəsində pıçıltılar yayılmağa başlayır. O dövrdə SSRİ-də dini möcüzələrdən danışmaq “xurafat” kimi qiymətləndirilirdi və belə xəbərlərin yayılması dövlət tərəfindən ciddi şəkildə nəzarət altında saxlanırdı. Buna baxmayaraq, söhbət elə sürətlə yayılırdı ki, ateist düşüncəli insanlar belə həmin yerə axışır və baş verənləri bəzən dünyanın sonu, bəzən də ilahi bir möcüzə kimi qəbul edirdilər.
Nərimanov heykəli yaxınlığında yerləşən bir binanın qapısında gecələr fosfor kimi parlayan “imam” siluetinin göründüyü barədə yayılan xəbər şəhəri adətən yuxulu gecələrindən oyadıb ayaqlandırır. Kimisi bunu imam, kimisi səccadədə namaz qılan kişi, kimisi isə əmmaməli bir siluet kimi təsvir edir. Xəbər ildırım sürətilə bütün ölkəyə yayılır və Azərbaycanın hər yerindən insanlar bu qapını görmək üçün Bakıya axışırlar.
Ağlı, düşüncəsi, savadı olan adamlar belə gecələri heykəlin ətrafına toplaşır, görünən silueti daha aydın görmək üçün növbə ilə yaxınlaşırdılar. Şayiələrə görə, həmin obraz bəzən tərpənir, yaxınlaşanda isə yavaşca itib yenidən peyda olurdu.
Hadisənin baş verdiyi vaxt təsadüfən İran İslam İnqilabının qızğın dönəminə təsadüf edirdi. Şəhərdə dolaşan pıçıltılarda deyilirdi ki, bəlkə də bu, Azərbaycanda dini oyanışın başlanğıcıdır, yaxud zühurun ilk əlamətlərindən biridir.
Qısa müddətdə hadisə elə miqyas aldı ki, Dövlət Təhlükəsizlik Komitəsi (DTK) məsələni nəzarətə götürməyə məcbur oldu. Milis dəstələri dəfələrlə ərazini dağıtsa da, insanların axınına mane olmaq mümkün deyildi.
DTK ilk dəfə “görüntünü” görən şəxsi həbs etdi, qapını boya ilə örtdürdü. Lakin gecələr siluet yenidən peyda olurdu. Bu isə hadisəni artıq təbiətdə baş verən adi bir optik səhv yox, xalq arasında tam mənası ilə dini-mifik hadisə kimi təqdim edirdi.
Kütləni sakitləşdirmək üçün DTK həmin binada yaşayan rəssam-memarı camaatın qarşısına çıxarıb, guya bu təsvirin onun “yaradıcılıq işi” olduğunu dedirtdi. Lakin insanlar buna inanmırdı. Hadisə nəzarətdən çıxmağa başladıqda geniş araşdırma aparılmasına qərar verildi. Gecələr milis və təhlükəsizlik xidmətinin əməkdaşları növbə ilə qapını izləməyə başladılar.
Mütəxəssislər psixologiyada “pareidoliya” deyilən fenomen haqqında çıxış edirdilər — insan beyninin təsadüfi ləkələrdə tanış obrazları görmə meyli. Alimlər və ictimai xadimlər insanlara bunun dini təbiətinin olmadığını anlatmağa çalışırdılar.
Nəhayət ki, uzun araşdırmalardan sonra hadisənin arxasında duran həqiqət üzə çıxdı: müəyyən edildi ki, həmin binada yaşayan bir şəxs fosforlu və parıldayan materiallardan istifadə edərək qapıya siluet çəkirmiş. Daha sonra isə gecələr bunu xüsusi lazerlə işıqlandırırmış. Həmin lazer cihazı o dövrdə SSRİ-də demək olar ki, mövcud deyildi. Onun bu avadanlığı haradan və necə əldə etməsi, kimə və ya hansı ölkəyə xidmət etməsi barədə isə rəsmi heç bir məlumat verilmədi.
Hadisə barədə danışmaq sonradan qadağan olunsa da, bu əhvalat Bakının ən sirli və unudulmaz şəhər əfsanələrindən biri kimi yaşlı insanların yaddaşında hələ də yaşayır.
Prof. Dr. Zaur Əliyev