Haypatiyanın qətli və Parabalanilər: xeyriyyə qrupundan siyasi zorakılığa aparan yol

415-ci ildə İsgəndəriyyədə filosof Haypatiyanın qətli antik dünyanın ən sarsıdıcı hadisələrindən biri oldu. Bəs bu hadisədə adı hallanan Parabalanilər kim idi və necə siyasi qüvvəyə çevrilmişdilər?

11

415-ci ilin martında İsgəndəriyyədə baş verən bir qətl antik dünyanın ən simvolik hadisələrindən birinə çevrildi; riyaziyyatçı, astronom və filosof Haypatiya şəhərin siyasi-dini qarşıdurmaları fonunda zorakı dəstə tərəfindən öldürüldü. Antik müəllif Sokrates Sxolastikə görə, Haypatiya Oresteslə tez-tez görüşdüyü üçün yepiskop Kirillə barışığa mane olmaqda günahlandırılırdı; Peter adlı oxucunun başçılıq etdiyi qrup onu arabasından çıxararaq Sezareum kilsəsinə aparmış və orada qətlə yetirmişdi. 

Haypatiya İsgəndəriyyənin ən nüfuzlu intellektual simalarından idi. “Britannica” onun təxminən 355-ci ildə doğulduğunu, 415-ci ilin martında öldürüldüyünü, riyaziyyatçı, astronom və neoplatonçu filosof kimi tanındığını yazır. O, Teonun qızı idi və yunan riyaziyyat-astronomiya irsinin qorunmasında mühüm rol oynamışdı.

Hadisə yalnız bir filosofun qətli deyildi. Bu, İsgəndəriyyədə imperiya valisi Oresteslə şəhərin güclü kilsə rəhbəri Kirill arasında dərinləşən hakimiyyət mübarizəsinin dəhşətli nəticəsi kimi tarixə düşdü. Haypatiya Orestesə yaxın intellektual çevrənin nüfuzlu üzvü hesab olunurdu. Sokrates Sxolastik onun ölümünü dini deyil, daha çox siyasi qısqanclıq və şəhərdəki qarşıdurma ilə izah edir.

Bu hadisədən sonra diqqət daha bir qrupa yönəldi: Parabalanilər. Onlar əvvəlcə erkən xristian icmalarında xəstələrə qulluq edən, küçələrdə sahibsiz qalan kasıb və yoluxucu xəstələri toplayıb yardım göstərən dini-xeyriyyə qrupunun üzvləri idi. “Parabalani” və ya “Parabolani” adı “həyatını riskə atanlar” mənası ilə izah olunur; çünki bu şəxslər yoluxucu xəstəlik daşıyan insanlarla təmasda olur, ölülərin dəfnində iştirak edirdilər. Catholic Encyclopedia onların xəstələrə baxdığını, ölüləri dəfn etdiyini, eyni zamanda yepiskopların yanında mühafizəçi və təzyiq qrupu kimi də fəaliyyət göstərə bildiyini qeyd edir.

Parabalanilərin yaranması erkən xristianlıq dövründə sosial yardım sisteminin formalaşması ilə bağlı idi. Antik Yunan-Roma dünyasında kasıb və xəstə insanlar üçün bugünkü mənada ümumi, ictimai xəstəxana sistemi yox idi. Christian History Institute yazır ki, xristian icmalarında xəstə və yoxsullara mütəşəkkil yardım ənənəsi sonradan nosokomeia”xenodochia” adlanan erkən xəstəxana və sığınacaq tipli qurumların yaranmasına gətirdi. Bu qurumlar əsasən yoxsullar, evsizlər, səyyahlar, yaşlılar və xəstələr üçün nəzərdə tutulurdu.

Lakin zamanla bu xeyriyyə funksiyası siyasi alətə çevrildi. Xüsusilə, İsgəndəriyyədə Parabalanilər kilsə rəhbərliyinin təsiri altında şəhər qarşıdurmalarında iştirak edən qüvvə kimi tanınmağa başladı. Tarixçi Qlen Bowersock “Parabalani: A Terrorist Charity in Late Antiquity” adlı araşdırmasında Haypatiyanı öldürən dəstənin bu xeyriyyə qrupunun sıralarından çıxdığını bildirir və onların kasıb, lakin fiziki cəhətdən sağlam xristianlardan seçildiyini qeyd edir.

Haypatiyanın qətlindən sonra imperiya hakimiyyəti bu qrupun fəaliyyətini məhdudlaşdırmağa çalışdı. 416-cı ildə qəbul edilən qərarla İsgəndəriyyədə Parabalanilərin sayı 500 nəfərlə məhdudlaşdırıldı. İki il sonra bu rəqəm 600-ə qaldırıldı. Onların teatr, məhkəmə və ictimai toplantılarda iştirakına da məhdudiyyət qoyuldu. Bu, qrupun artıq yalnız xəstə baxıcısı kimi deyil, şəhər siyasətinə təsir edən zorakı qüvvə kimi qəbul edildiyini göstərirdi.

Beləliklə, Parabalanilərin tarixi ikiqat xarakter daşıyır. Onlar bir tərəfdən antik dünyada yoxsul və xəstələrə yardım göstərən erkən xristian xeyriyyə sisteminin parçası idilər. Digər tərəfdən isə, İsgəndəriyyə kimi siyasi və dini gərginliyin yüksək olduğu şəhərlərdə kilsə hakimiyyətinin küçə gücünə çevrilə bilirdilər. Haypatiyanın qətli də məhz bu dönüş nöqtəsinin ən sərt simvollarından biri kimi xatırlanır.