ABŞ-nin ilk prezidenti Corc Vaşinqtona məxsus olduğu bildirilən bir çəngə saç hərracda 4000 dollara satılıb. Tarixi əşya prezidentin ölümündən 227 il sonra kolleksiyaçılar arasında yenidən maraq doğurub.
MSNews.az “CBS News” telekanalına istinadən xəbər verir ki, satış noyabrın 21-də ABŞ-nin Cənubi Karolina ştatında yerləşən “Richmond Auctions” hərrac evi tərəfindən həyata keçirilib. Çərçivəyə salınmış saç nümunəsinin alıcısının kimliyi açıqlanmayıb.
Hərrac sənədlərinə əsasən, saç nümunəsi Vaşinqtonun tanışı olmuş Con Qedsbi ilə əlaqələndirilir. Qedsbinin 1799-cu ildə, prezidentin ölümündən qısa müddət əvvəl onu şam yeməyində qonaq etdiyi bildirilir.
Bu, Vaşinqtona aid saç nümunələrinin ən bahalı satışı deyil. 2021-ci ildə ona məxsus olduğu ehtimal edilən və kiçik medalyonda saxlanılan üç saç teli təxminən 40 min dollara satılmışdı.
Belə tarixi əşyaların qorunub saxlanılması XVIII və XIX əsrlərdə geniş yayılmış xatirə ənənəsi ilə əlaqədardır. Həmin dövrdə tanınmış şəxslərin saçlarından hazırlanmış xatirə əşyaları yaxınlarına və tərəfdarlarına hədiyyə edilirdi.
Vaşinqtonun vaxtilə yaşadığı və hazırda muzey kimi fəaliyyət göstərən Maunt-Vernon iqamətgahında onun saçından 50-dən çox nümunə qorunur.
Qeyd edək ki, Corc Vaşinqton 1789–1797-ci illərdə ABŞ-nin ilk prezidenti olub və 1799-cu ildə vəfat edib. Onun şəxsi əşyaları və tarixi yadigarları kolleksiyaçılar arasında yüksək qiymətləndirilməkdə davam edir.