Britaniyadakı ABŞ aviabazasında həyəcan: Hərbçilərə sığınmaq əmri verildi

Böyük Britaniyadakı ABŞ hərbi qüvvələrinin yerləşdiyi Leykenhit aviabazası üzərində şübhəli dron fəaliyyəti qeydə alınıb. Hərbçilərə sığınacaqlara çəkilmək əmri verilib.

71

Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin yerləşdiyi Leykenhit aviabazası üzərində şübhəli pilotsuz uçuş aparatlarının fəaliyyəti səbəbindən təhlükəsizlik həyəcanı elan edilib. Bazadakı hərbçilərə sığınacaqlara çəkilmək əmri verilib.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 13-də İngiltərənin Suffolk qraflığında baş verib. “Sky News” telekanalının məlumatına görə, hərbi heyətə göndərilən fövqəladə xəbərdarlıqda ən yaxın təhlükəsiz sığınacağa keçmək göstərişi verilib.

ABŞ Hərbi Hava Qüvvələri aviabaza üzərində icazəsiz dron fəaliyyətinə dair şübhəli məlumatların daxil olduğunu və təhlükəsizlik qüvvələrinin dərhal yoxlamalara başladığını təsdiqləyib.

Hərbi qurumun açıqlamasına əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb, hərbi təyyarələrə və infrastruktura ziyan dəyməyib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi də vəziyyətin nəzarət altına alındığını bildirib. Qurum hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün ABŞ hərbçiləri ilə birgə araşdırmaların davam etdiyini açıqlayıb.

“The Guardian” nəşrinin məlumatına görə, hadisə zamanı aviabaza ətrafında xəbərdarlıq siqnalları eşidilib. Bölgəni parlamentdə təmsil edən Nik Timoti isə mülki əhali üçün təhlükə olmadığını və hadisənin artıq başa çatdığını bildirib.

Hadisədən bir neçə gün əvvəl ABŞ qüvvələri təhlükəsizlik narahatlıqları fonunda yaxınlıqdakı Mildenholl aviabazasından ondan çox hərbi təyyarəni başqa bazalara köçürüb. Lakin Leykenhit üzərindəki şübhəli dron fəaliyyətinin həmin hadisə ilə əlaqəsi təsdiqlənməyib.

Pilotsuz uçuş aparatlarının mənşəyi və hadisənin arxasında kimin dayandığı hələlik müəyyənləşdirilməyib.