İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. Tərəflər enerji təhlükəsizliyini, Xəzər–Qara dəniz əməkdaşlığını, müdafiə sənayesini və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.

13

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. Danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, müdafiə sənayesi və Xəzər–Qara dəniz bağlantılarının inkişafı əsas müzakirə mövzuları olub.

MSNews.az xəbər verir ki, görüş zamanı Rumıniya Prezidenti Nikuşor Dan Azərbaycanla mövcud dostluq münasibətlərini yüksək qiymətləndirib və İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Azərbaycan Prezidenti isə ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Görüşdə Azərbaycanın Rumıniyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğu qeyd edilib. Tərəflər enerji sahəsində əməkdaşlığın perspektivlərini, həmçinin Xəzər və Qara dəniz regionlarını birləşdirən layihələrin inkişaf imkanlarını müzakirə ediblər.

Dövlət başçıları strateji enerji və nəqliyyat layihələrinin irəlilədilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq siyasi gündəliyin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparıblar.

Danışıqlarda müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə də toxunulub. Bundan əlavə, şəhərlərarası əlaqələrin genişləndirilməsi, elm və təhsil sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Nikuşor Dan Buxarestdə yerləşən Heydər Əliyev parkının iki ölkə arasında humanitar və mədəni əlaqələr baxımından əhəmiyyətini vurğulayıb. O, hazırda parkda təmir işlərinin uğurla davam etdirildiyini bildirib.

Görüşdə son dövrlərdə Azərbaycan və Rumıniya arasında müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti də qeyd olunub.