MSNews.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Xerson istiqamətində oktyabrın 27-si Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00) etibarən “sükut rejimi”nin tətbiq olunacağını açıqlayıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Gerasimov bildirib ki, qərar Oleşki şəhərində yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və bölgəyə humanitar yardımların çatdırılması məqsədi daşıyır.
Onun sözlərinə görə, humanitar əməliyyat çərçivəsində ərazidə mühəndis kəşfiyyatı aparılacaq, təhlükəli sahələr yoxlanılacaq və Oleşkiyə istiqamətlənən humanitar karvanın təhlükəsiz hərəkəti təmin ediləcək.
Ukrayna tərəfi də müvəqqəti atəşkəsi təsdiqləyib.
“Ukrainska Pravda” nəşrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 27-si Kiyev vaxtı ilə saat 03:00-dan müəyyən edilmiş ərazidə atəşin dayandırılacağını açıqlayıb. Bu vaxt Moskva vaxtı ilə saat 04:00-a uyğundur.
Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets humanitar əməliyyatın oktyabrın 29-da həyata keçiriləcəyini və mülki şəxslərin təhlükəsiz təxliyəsi üçün şərait yaradılacağını bildirib.
Razılaşmanın əldə olunmasında ABŞ-nin birinci xanımı Melaniya Trampın da rol oynadığı açıqlanıb.
“Anadolu Agentliyi”nin məlumatına görə, Melaniya Trampın təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndələri arasında humanitar əməliyyatın keçirilməsi üçün razılıq əldə olunub.
Kremlin sözçüsü Dmitri Peskov da razılaşmanı təsdiqləyərək Oleşkidən çıxmaq istəyən sakinlərin təxliyəsinə imkan yaradılacağını bildirib.
“Reuters” agentliyinin məlumatına görə, hazırda Oleşkidə təxminən 1700–2000 nəfər yaşayır. Şəhərdə ərzaq, içməli su və dərman çatışmazlığı ciddi humanitar problemlərə səbəb olub.
Atəşkəsin yalnız humanitar əməliyyatın keçiriləcəyi əraziyə şamil olunacağı gözlənilir. Razılaşma Rusiya-Ukrayna cəbhəsinin bütün istiqamətlərində döyüşlərin dayandırılması demək deyil.