Məşhur fransalı impressionist rəssam Klod Monenin “İris” adlı tablosu Parisdə keçirilən hərracda 50 milyon avroya (təxminən 56 milyon dollar) satılaraq Fransada indiyədək hərrac yolu ilə satılmış ən bahalı sənət əsəri olub.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Sotheby’s” hərrac evinə istinadən məlumat yayıb.
Oktyabrın 22-də keçirilən hərracda rəsm əsəri uğrunda gərgin mübarizə yaşanıb. Əvvəlcə altı kolleksiyaçı 45 dəqiqə ərzində qiymət təkliflərini artırıb. Son mərhələdə isə iki iştirakçı arasında rəqabət daha 20 dəqiqə davam edib. Nəticədə tablo telefon vasitəsilə hərraca qatılan asiyalı kolleksiyaçıya satılıb.
Bununla da Fransada əvvəlki hərrac rekordu yenilənib. İndiyədək ölkədə ən yüksək nominal satış qiyməti 2010-cu ildə italyan rəssam və heykəltəraş Amedeo Modilyaninin “Kariatida başı” əsərinə məxsus idi. Həmin əsər 43,2 milyon avroya satılmışdı.
Yeni rekord inflyasiya nəzərə alınmadan hesablanıb. “The Art Newspaper” nəşri qeyd edir ki, qiymətlər inflyasiyaya uyğunlaşdırıldıqda Fransada daha yüksək dəyərə satılmış əsərlər də mövcuddur.