Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi son dövrdə Bakı-Ankara münasibətləri ətrafında yaranmış müzakirələr fonunda diqqət çəkib.
Siyasi araşdırmaçı Asif Nərimanlı hesab edir ki, danışıq iki ölkə arasındakı münasibətlərin gələcəyi baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər.
Azərbaycan və Türkiyə tərəflərinin yaydığı rəsmi məlumatlarda liderlərin ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə etdiyi, hər iki prezidentin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə etdiyi bildirilir. Ərdoğan İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə də dəvət edib.
Nərimanlının fikrincə, rəsmi açıqlamaların eyni məzmun daşıması xüsusi əhəmiyyət kəsb edir:
“Ərdoğan da, Əliyev də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra inkişaf edəcəyi mesajını verdi. Bu, tərəflərin münasibətlərin gələcəyi ilə bağlı ortaq mövqe nümayiş etdirməsi baxımından mühüm məqamdır”.
Araşdırmaçı hesab edir ki, rəsmi məlumatda ayrıca qeyd olunmasa da, son dövrdə Türkiyə informasiya məkanında Azərbaycanla bağlı yaranan mübahisələrin də liderlərin diqqətində olması mümkündür.
“Bakı üçün əsas məsələ münasibətlərdə yaranan problemlərin birdəfəlik həll edilməsi və Azərbaycana qarşı informasiya kampaniyalarının təkrarlanmamasıdır. Belə bir təminatın siyasi çəkisi yalnız ən yüksək səviyyədə verilə bilər”.
Nərimanlı Ərdoğanın Əliyevi TDT-nin Ankara sammitinə dəvət etməsini də ayrıca siyasi mesaj kimi qiymətləndirir.
Onun fikrincə, Azərbaycan-Türkiyə münasibətlərində yaranan hər hansı uzunmüddətli gərginlik yalnız iki ölkəyə deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatının gələcək strategiyasına təsir göstərə bilər.
“TDT daxilində Bakı-Ankara xətti əsas dayaqlardan biridir. Buna görə münasibətlərdəki fikir ayrılıqlarının idarə olunması və gərginliyin böyüməməsi təşkilatın özü üçün də vacibdir”.
İnformasiya kampaniyaları dayanacaqmı?
Nərimanlıya görə, əsas sual bundan sonra Türkiyə informasiya məkanında Azərbaycana qarşı sərt ritorikanın zəifləyib-zəifləməyəcəyidir.
“Ərdoğanın zəngindən sonra prosesin ən azı səngiməsi gözlənilə bilər. Amma problemi tam həll olunmuş hesab etmək hələ tezdir”.
Siyasi araşdırmaçı bunun səbəbini fikir ayrılıqlarının yalnız son hadisələrlə məhdudlaşmamasında görür. Onun fikrincə, dünyəvilik, dini-ideoloji yanaşmalar və Azərbaycanın müstəqil xarici siyasət kursu ilə bağlı baxış fərqləri daha dərin müzakirə mövzularıdır.
Nərimanlı hesab edir ki, son proseslərin Bakı üçün ən mühüm nəticəsi Azərbaycanın öz “qırmızı xətlərini” daha aydın ifadə etməsi olub:
“Azərbaycanın mövqeyi aydındır: ölkənin dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir. Qardaşlıq münasibətləri də bu prinsiplərin dəyişdirilməsi anlamına gəlmir”.
Asif Nərimanlının qənaətinə görə, bundan sonrakı mərhələdə Bakı-Ankara münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini ən yaxşı göstərəcək amil siyasi bəyanatlardan çox, Türkiyə informasiya məkanında Azərbaycanla bağlı ritorikanın necə dəyişməsi və iki ölkə arasında yüksək səviyyəli təmasların davamlılığı olacaq.