Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış birgə müdafiə haqqında “Məkkə sazişi”nin təfərrüatları açıqlanıb. Üç ölkədən birinə silahlı hücumun bütün tərəflərə hücum hesab edilməsini nəzərdə tutan 16 maddəlik sənəd təsdiqlənməsi üçün Türkiyə parlamentinə təqdim olunub.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “Euronews” məlumat yayıb. Avqustun 7-də imzalanan saziş tərəflərin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü birgə qorumağı nəzərdə tutur.
Sənədin əsas müddəasına görə, iştirakçı dövlətlərdən birinə xaricdən silahlı hücum edilməsi hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Belə vəziyyətdə tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qarşılıqlı müdafiə tədbirləri görə biləcəklər.
Saziş çərçivəsində ölkələr bir-birinə silah, sursat, hərbi texnika və digər zəruri təchizatla dəstək verəcək, kəşfiyyat məlumatlarını qarşılıqlı şəkildə paylaşacaqlar. Mübadilə edilən məxfi məlumatların üçüncü tərəflərə ötürülməsi isə məhdudlaşdırılacaq.
Bundan başqa, müdafiə sənayesi sahəsində birgə istehsal, qabaqcıl texnologiyaların inkişafı, elmi tədqiqatlar və innovasiya layihələri həyata keçiriləcək. Silahlı qüvvələrin əməliyyat hazırlığını artırmaq məqsədilə ortaq hərbi təlimlər və tədris proqramları təşkil olunacaq.
Razılaşmaya əsasən, üç ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə birgə müdafiə mexanizmi fəaliyyət göstərəcək. Yeni dövlətlərin sazişə qoşulması üçün bütün iştirakçıların razılığı tələb olunacaq.
Sazişin müddəti 10 il müəyyən edilib və sənəddə tərəflərin razılaşmadan çıxması ilə bağlı prosedurlar da nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı rəsmiləri razılaşmanın müdafiə xarakteri daşıdığını və hər hansı konkret dövlətə qarşı yönəlmədiyini bildiriblər.
Sazişin Türkiyədə qüvvəyə minməsi üçün parlamentin təsdiqi tələb olunur.