TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Prezident İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilir, qurumun idarəetmə və rəhbər təyinatı qaydaları dəyişdirilir.

13

Prezident İlham Əliyev “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Sənədə əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilir.

MSNews.az xəbər verir ki, oktyabrın 19-da imzalanmış fərman ölkədə səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsini, TƏBİB-in təşkilati strukturunun və rəhbərlik mexanizminin yenidən müəyyənləşdirilməsini nəzərdə tutur.

Fərmana əsasən, mövcud TƏBİB-in bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək TƏBİB-ə keçəcək.

Yeni qurumun nizamnamə fondu mövcud publik hüquqi şəxsin əmlakı hesabına formalaşdırılacaq.

Əsas dəyişikliklərdən biri TƏBİB-in rəhbərliyinin formalaşdırılması qaydası ilə bağlıdır. Fərmana görə, qurumun cari fəaliyyətinə sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək. Sədr və müavinləri vəzifəyə Səhiyyə Nazirliyi təyin edəcək və vəzifədən azad edəcək.

Yeni TƏBİB dövlət qeydiyyatına alınanadək mövcud qurum fəaliyyətini davam etdirəcək. Bu keçid dövründə Müşahidə Şurasının səlahiyyətlərini Səhiyyə Nazirliyinin yaradacağı komissiya həyata keçirəcək.

Sənəddə TƏBİB-in təsisçi səlahiyyətlərinin bölgüsü də müəyyən edilib. Belə ki, qurumun nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğvi ilə bağlı əsas qərarlar Prezidentin səlahiyyətində qalacaq.

Səhiyyə Nazirliyi isə qanunvericiliklə təsisçiyə aid edilmiş digər səlahiyyətləri həyata keçirəcək.

Nazirlər Kabinetinə üç ay müddətində müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi və TƏBİB-in yeni nizamnaməsinin hazırlanması ilə bağlı təklifləri Prezidentə təqdim etmək tapşırılıb.

Bundan başqa, Səhiyyə Nazirliyi nizamnamə təsdiqləndikdən sonra üç gün müddətində yeni TƏBİB-in dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidir.

Yeni qurum dövlət qeydiyyatına alındıqdan sonra isə bir ay ərzində mövcud TƏBİB-in əmlakının onun balansına verilməsi təmin edilməlidir.

Beləliklə, fərmanla TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi, rəhbərliyinin Nazirlik tərəfindən təyin olunması və yeni təşkilati-hüquqi keçid mexanizmi müəyyənləşdirilib.