Vanda Nara İkardinin Argentina millisində geyindiyi formanı satışa çıxardı

Vanda Nara keçmiş həyat yoldaşı Mauro İkardinin Argentina millisində geyindiyi formanı 20 min pesoya satışa çıxarıb. Formanın “az istifadə olunmuş keçmiş futbolçu forması” kimi təqdim edilməsi sosial şəbəkələrdə müzakirələr yaradıb.

13

Argentinalı televiziya aparıcısı və iş qadını Vanda Nara keçmiş həyat yoldaşı, futbolçu Mauro İkardinin Argentina millisində geyindiyi formanı öz internet mağazasında satışa çıxarıb. Formanın təqdimatında istifadə olunan istehzalı ifadələr isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, bu barədə Argentinanın “TyC Sports” telekanalı məlumat yayıb.

Vanda Nara özünə məxsus “WandaShop” onlayn mağazasında Argentina millisinin 9 nömrəli formasını 20 min Argentina pesosuna satışa çıxarıb.

Formanın arxa hissəsində “İkardi” soyadı və 9 nömrəsi yer alsa da, məhsulun təsvirində futbolçunun adı birbaşa qeyd edilməyib.

Əvəzində Nara elan üçün diqqətçəkən ifadə seçib:

“Keçmiş futbolçunun orijinal forması. Az istifadə olunub”.

Bu ifadə İkardinin Argentina millisində çox az oyun keçirməsinə işarə kimi qəbul edilib.

“TN” nəşrinin məlumatına görə, satış elanı Argentina televiziyasında da müzakirə olunub. Xüsusilə formanın aşağı qiymətə təklif edilməsi və İkardinin “keçmiş futbolçu” kimi təqdim olunması diqqət çəkib.

İspaniyanın “Mundo Deportivo” nəşri isə İkardinin Argentina millisində cəmi səkkiz oyun keçirdiyini xatırladıb. Futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının heyətinə də daxil edilməmişdi.

Maraqlıdır ki, Vanda Naranın mağazasında müğənni L-Gante ilə əlaqəli köynək 180 min pesoya təklif olunub. Beləliklə, İkardinin millidə geyindiyi forma həmin məhsuldan doqquz dəfə ucuz qiymətləndirilib.

Vanda Nara və Mauro İkardi uzun müddətdir şəxsi münasibətləri və boşanma prosesi ilə bağlı müzakirələrin mərkəzindədirlər. Buna görə də satış elanındakı ifadələr sosial şəbəkə istifadəçiləri tərəfindən futbolçuya ünvanlanmış istehza kimi şərh olunub.