“Apple” şirkətinin tarixində ilk kompüterlərdən biri olan və 1976-cı ildə istehsal edilən nadir “Apple-1” modeli Nyu-Yorkda keçirilən hərracda 1 milyon 148 min 200 dollara satılıb.
MSNews.az xəbər verir ki, “Hatfield Apple-1” adı ilə tanınan kompüter oktyabrın 14-də Bonhams hərrac evinin təşkil etdiyi onlayn satışda yeni sahibini tapıb.
“MacRumors” nəşrinin məlumatına görə, hərracda iki alıcı arasında 28 dəqiqə davam edən rəqabət nəticəsində kompüter ilkin olaraq gözlənilən 500–800 min dollarlıq qiyməti geridə qoyub. Satış kommersiya məqsədilə istehsal edilmiş “Apple-1” kompüterləri üçün hərrac rekordu müəyyənləşdirib.
“Apple” şirkətinin təsis edildiyi 1976-cı ildə Stiv Voznyak tərəfindən hazırlanan kompüterin əsas lövhəsində onun şəxsi imzası var. Təxminən 50 yaşı olan qurğu bu gün də işlək vəziyyətdədir.
Kompüteri xüsusi edən digər detal isə “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsun 1978-ci ilin yanvarında yazdığı məktubdur. Məktubda Cobs cihazın ilk sahibi Fred Hatfildə köhnə “Apple-1” kompüterini əlavə 400 dollar ödəməklə 4 KB yaddaşa malik daha yeni “Apple II” lövhəsi ilə dəyişməyi təklif edib.
Lakin Hatfild bu təklifi qəbul etməyərək kompüterini saxlayıb. İllər sonra həmin qərar qurğunun tarixi dəyərinin qorunmasında mühüm rol oynayıb.
Qeyd edək ki, eyni kompüter 2013-cü ildə təxminən 686 min dollara satılmışdı. Son hərracda isə onun dəyəri 1,15 milyon dollara çatıb.