Novruzəli Yusubzadə: “AQEM Bakını Asiyanın əsas dialoq mərkəzlərindən birinə çevirir”

QAFSAM eksperti Novruzəli Yusubzadə AQEM-in Bakıda keçirilən VII Zirvə görüşünü, İsrail Prezidenti İsaq Hersoqun iştirakını və Taliban nümayəndələrinin toplantıya qatılmamasını şərh edib.

43

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII Zirvə görüşü Azərbaycanın regional və beynəlxalq diplomatiyada artan rolunu yenidən gündəmə gətirib. QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, sammit ətrafında diqqətin yalnız İsrail Prezidenti İsaq Hersoqun Bakıya səfərinə yönəldilməsi tədbirin daha böyük geosiyasi əhəmiyyətini kölgədə qoyur.

Azərbaycanın 2024-2026-cı illər üçün başladığı AQEM sədrliyi sammitdə 2026-2028-ci illər üçün də uzadılıb. AQEM-in rəsmi məlumatına görə, qurum hazırda 28 dövləti birləşdirir və Asiya ərazisinin, eləcə də əhalisinin təxminən 90 faizini əhatə edir.

Yusubzadənin fikrincə, təşkilata yalnız adi beynəlxalq platforma kimi baxmaq düzgün deyil:

“AQEM-i müəyyən mənada ATƏT-in Asiyadakı alternativi kimi qiymətləndirmək olar. Təşəbbüsün özü Qazaxıstandan çıxıb və bu, Asiya dövlətlərinin öz təhlükəsizlik və dialoq mexanizmini yaratmaq cəhdidir”.

AQEM ideyası 1992-ci ildə Qazaxıstan tərəfindən irəli sürülüb. Təşkilatın rəsmi məqsədi Asiyada dialoq, qarşılıqlı etimad, təhlükəsizlik və sabitliyin gücləndirilməsidir.

Hersoqun Bakıya gəlməsi niyə önəmlidir?

İsrail Prezidenti İsaq Hersoq sammitdə iştirak etmək üçün Bakıya gəlib və Prezident İlham Əliyevlə ayrıca görüş keçirib.

Yusubzadə hesab edir ki, bu səfərin əhəmiyyəti təkcə Azərbaycan-İsrail münasibətləri ilə məhdudlaşmır.

“Əsas detal ondan ibarətdir ki, İsrail, İran və Fələstin eyni təşkilatın üzvləridir. Bir-biri ilə çox ciddi qarşıdurmada olan tərəflərin eyni masa ətrafında təmsil oluna bildiyi platformaların sayı çox deyil”.

AQEM-in rəsmi üzvlər siyahısında İsrail, İran və Fələstin həqiqətən də eyni statusda üzv dövlətlər kimi yer alır.

Ekspertin fikrincə, məhz bu xüsusiyyət Bakının mümkün vasitəçilik imkanlarını artırır:

“Azərbaycan həm İsraillə, həm müsəlman dünyası ilə, həm də İranla danışa bilən ölkələrdən biridir. Buna görə Bakı rəsmi görüşlərlə yanaşı, arxa qapı diplomatiyası üçün də uyğun platformadır. Tərəflərin burada olması özü dialoq imkanının mövcud olduğunu göstərir”.

Bununla belə, İsrail və regional rəqibləri arasında siyasi fikir ayrılıqları sammitdə də açıq şəkildə hiss olunub. İsrail mediasının məlumatına görə, Hersoqun çıxışı zamanı Türkiyə, İran, Pakistan, Fələstin və Küveyt nümayəndələri zalı tərk ediblər.

Yusubzadə bunu münasibətlərin mahiyyətini dəyişdirən hadisə kimi yox, mövcud ziddiyyətlərin diplomatik nümayişi kimi qiymətləndirir:

“Bu təşkilatın üstünlüyü tərəflərin eyni mövqedə olması deyil. Əksinə, bir-birini qəbul etməyən dövlətlərin belə eyni platformada qala bilməsidir”.

“Bakı artıq yalnız ev sahibi deyil”

QAFSAM eksperti Azərbaycanın sədrliyinin daha iki il uzadılmasını da xüsusi siyasi mesaj hesab edir.

“Azərbaycan burada sadəcə sammit keçirən ölkə deyil. Sədrlik müddətinin uzadılması Bakının təhlükəsiz, danışıq aparıla bilən və müxtəlif tərəflər üçün qəbul edilən diplomatik məkan kimi mövqeyinin gücləndiyini göstərir”.

İsrail Prezidenti də Azərbaycanla görüşündə sədrliyin 2026-2028-ci illər üçün uzadılmasını ölkəyə göstərilən etimadın göstəricisi kimi qiymətləndirib.

Talibanın sammitdə olmaması hansı mesajı verir?

Yusubzadə sammitin diqqətdən kənarda qalan mühüm məqamlarından birinin Əfqanıstanla bağlı olduğunu bildirir.

Əfqanıstan AQEM-in üzv dövlətidir. Bununla belə, Bakıda keçirilən VII Zirvə görüşündə Taliban nümayəndəsi iştirak etməyib. “Afghanistan International”ın məlumatına görə, Taliban toplantıda iştirak etmək üçün cəhd göstərsə də, nümayəndə dəvət almayıb.

“Bu məsələni Bakı-Kabil münasibətlərində problem kimi qiymətləndirmək düzgün olmaz. Problem Taliban hakimiyyətinin beynəlxalq legitimliyi və geniş tanınması ilə bağlıdır. Əfqanıstan təşkilatın üzvüdür, amma ölkəni hazırda kimin və hansı statusla təmsil etməsi ayrıca siyasi-hüquqi problemdir”.

Yusubzadənin qənaətinə görə, AQEM sammitinin əsas nəticəsini yalnız Hersoqun səfəri üzərindən oxumaq tədbirin miqyasını kiçiltmək olardı:

“Əsas məsələ budur ki, Azərbaycan Asiyanın ən ziddiyyətli dövlətlərini eyni diplomatik məkanda toplaya bilir. İsrail, İran, Fələstin, Türkiyə, Pakistan, Çin, Rusiya və digər aktorların Bakıda bir platformada olması Azərbaycanın gələcək vasitəçilik və çoxtərəfli diplomatiya imkanlarını artırır”.

Ekspert hesab edir ki, AQEM-in institusional güclənməsi və Azərbaycanın sədrliyinin davam etməsi Bakının regional münaqişələrdə yalnız iştirakçı deyil, getdikcə daha çox dialoq yaradan tərəf kimi çıxış etməsinə imkan verə bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.