Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. Görüşdə Azərbaycan–Çin strateji tərəfdaşlığının inkişafı, Orta Dəhliz, investisiya layihələri, bərpaolunan enerji və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yayıb.
Dövlətimizin başçısı həmin sənədin qəbulundan sonra Azərbaycan–Çin münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğulayıb.
Vanq Yi Çin Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını ifadə edərək onun da salamlarını Çin liderinə çatdırmağı xahiş edib.
Çinin xarici işlər naziri Azərbaycanla strateji tərəfdaşlığın əhəmiyyətinə toxunaraq ölkəsinin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı olduğunu bildirib.
Görüş zamanı Vanq Yi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Çin XİN rəhbəri Pekinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb.
Nazir Azərbaycanın beynəlxalq və regional məsələlərdə artan rolunu yüksək qiymətləndirib. O, Bakıda müşahidə etdiyi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib.
Vanq Yi Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev isə Çinin dinamik inkişafını qeyd edərək bu ölkənin Qlobal Cənubun maraqlarının təmsil olunmasına və davamlı inkişafa verdiyi töhfələri yüksək qiymətləndirib.
Dövlətimizin başçısı Azərbaycanın “Vahid Çin” siyasətini daim dəstəklədiyini bir daha vurğulayıb.
Görüşün əsas müzakirə mövzularından biri Azərbaycan və Çin arasında nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi olub.
Prezident İlham Əliyev Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətini qeyd edərək Azərbaycanın bu layihəni dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladıb.
Dövlətimizin başçısı Orta Dəhlizin dinamik inkişaf etdiyini və Azərbaycanla Çin arasında bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.
Vanq Yi də Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb.
Qeyd edək ki, Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.
Bu marşrut Azərbaycan və Çin arasında yükdaşımaların genişləndirilməsi, tranzit imkanlarının artırılması və beynəlxalq ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin siyasi münasibətlərin səviyyəsinə uyğun olaraq fəal inkişaf etdiyini bildirib.
Dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd edib.
Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da nəzərdən keçirilib.
Tərəflər bu sahədə mövcud potensialdan istifadə və qarşılıqlı iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, Azərbaycan və Çinin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizə sahəsində əməkdaşlıq etdiyi vurğulanıb.





