İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. Görüşdə strateji tərəfdaşlıq, enerji, ticarət, nəqliyyat, turizm, investisiyalar və viza rejiminin liberallaşdırılması müzakirə olunub.

45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 14-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. Görüşdə Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının inkişafı, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat-logistika, turizm, investisiya və viza rejiminin liberallaşdırılması məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın vitse-prezidentinin Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakını yüksək qiymətləndirib və səfərin ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi üçün də əlverişli imkan yaratdığını bildirib.

Prezident İlham Əliyev özünün Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərlərini xatırladaraq həmin görüşlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini vurğulayıb.

Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. O, həmçinin Azərbaycanın AQEM-ə sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnam tərəfinə təşəkkürünü bildirib.

Vo Thi An Suan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə minnətdarlığını ifadə edib. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətləri, AQEM-ə uğurlu sədrliyini və təşkilatın Zirvə Görüşünün Bakıda keçirilməsini yüksək qiymətləndirib.

Vitse-prezident To Lamın Azərbaycana səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsinin iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsində mühüm rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycan və Vyetnam arasında uzun illərə söykənən tarixi əlaqələrə də toxunulub.

Vyetnamın tarixi lideri Ho Şi Minin Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyində çalışdığı dövrdə Vyetnama, eləcə də Prezident İlham Əliyevin bu ölkəyə səfərləri məmnunluqla xatırlanıb.

Vo Thi An Suan Vyetnamın azadlıq mübarizəsindən sonrakı inkişafında Azərbaycanın göstərdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini bildirib.

O, xüsusilə energetika sektorunun bərpasında və milli kadr potensialının formalaşdırılmasında Azərbaycanın tarixi rolunu qeyd edib.

Vitse-prezident sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını da xatırladaraq bu əlaqələrin iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi münasibətlərin səviyyəsinə uyğun şəkildə genişləndirilməsi xüsusi diqqət mərkəzində olub.

Tərəflər ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm və qarşılıqlı sərmayə qoyuluşu sahələrində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Bununla yanaşı, Azərbaycan və Vyetnam arasında azad viza rejiminin tətbiqi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Energetika sahəsində əməkdaşlıq müzakirə edilərkən SOCAR ilə “PetroVyetnam” arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub.

Memorandum əsasında enerji sektorunda tərəfdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da müsbət qiymətləndirilib.

Vyetnamın vitse-prezidenti humanitar və mədəni əməkdaşlığa da toxunub.

Vo Thi An Suan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirib.

Qonaq Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini də məmnunluqla xatırlayıb.

Görüşdə tarixi dostluq ənənələrinə əsaslanan Azərbaycan–Vyetnam münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.