UEFA Çempionlar Liqasında Almaniya nəhəngi “Bavariya”ya qarşı 5 seyvlə diqqət çəkən Norveçin “Vikinq” klubunun qapıçısı Arild Estbönün maraqlı həyat hekayəsi üzə çıxıb. 35 yaşlı futbolçu peşəkar idman karyerası ilə yanaşı, Norveçin böyük texnologiya şirkətlərindən biri olan “Bouvet”də IT məsləhətçisi kimi çalışır.
MSNews.az xəbər verir ki, oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçirilən “Vikinq” – “Bavariya” qarşılaşması 3:3 hesabı ilə başa çatıb.
Norveç təmsilçisi ilk hissəni 2:0 hesabı ilə öndə tamamlayıb. Lakin fasilədən sonra Harri Keynin dublu və Luis Diasın qolu sayəsində “Bavariya” hesabda önə keçib.
Almaniya klubunun futbolçusu Maykl Olisenin 73-cü dəqiqədə qırmızı vərəqə alması görüşün gedişini dəyişib. Meydan sahibləri 90-cı dəqiqədə Herman Haugenin qolu ilə hesabı bərabərləşdirərək sensasiyalı nəticəyə imza atıblar.
Matçın diqqətçəkən simalarından biri “Vikinq”in qapıçısı Arild Estbö olub. O, “Bavariya”nın hücumları qarşısında 5 uğurlu qurtarış edərək komandasının xal qazanmasına kömək göstərib.
Estbönün hekayəsini fərqləndirən əsas məqam onun futbolu başqa bir peşə ilə paralel davam etdirməsidir.
Norveçli qapıçı ölkənin tanınmış texnologiya və konsaltinq şirkətlərindən olan “Bouvet”də yarımştat əsaslarla çalışır. Şirkətin rəsmi saytında da Estbönün həm peşəkar futbolçu, həm də məsləhətçi kimi fəaliyyət göstərdiyi təsdiqlənir.
O, şirkətin Stavanger ofisində əsasən məsləhətçilik və məlumatların təhlili ilə məşğul olur.
Maraqlıdır ki, Estbö uzun illər “Vikinq”də daha çox ehtiyat qapıçı kimi çıxış edib. Daimi oyun praktikasının məhdud olması onu futbol meydanından kənarda da peşəkar fəaliyyət qurmağa həvəsləndirib.
35 yaşlı futbolçu Norveçin TV 2 telekanalına müsahibəsində iki fərqli sahədə çalışmasının futbol karyerasına müsbət təsir etdiyini bildirib. Onun sözlərinə görə, futboldan kənar peşəkar fəaliyyət oyunlara daha sakit yanaşmasına və psixoloji gərginliyi azaltmasına kömək edir.
“Bouvet” şirkəti də Estbönün fəaliyyətini xüsusi vurğulayıb. Şirkətin məlumatına görə, “Vikinq”in digər futbolçusu Vilyar Vevatne də burada məsləhətçi kimi çalışır.
Hər iki futbolçu idman karyerasını texnologiya və biznes sahəsindəki fəaliyyətlə uzlaşdırır. Şirkət əməkdaşlarına iş qrafikində çeviklik yaradıldığını bildirib.