Azərbaycanda regionlarda fəaliyyət göstərən könüllü gənclərin bilik və bacarıqlarının artırılması, intellektual potensialının gücləndirilməsi və şəxsi inkişaf imkanlarının genişləndirilməsi məqsədilə 20 şəhər və rayonu əhatə edən layihə həyata keçirilib. Layihə çərçivəsində təşkil olunan təlim və intellektual oyunlara ümumilikdə 600-dən çox gənc cəlb olunub.
MSNews.az xəbər verir ki, “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılıb.
Layihə çərçivəsində Hacıqabul, Sabirabad, Xaçmaz, Quba, Sumqayıt, Biləsuvar, Qax, Qəbələ, Zaqatala, Göyçay, Ağdaş, Qazax, Gəncə, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran və Astarada müxtəlif maarifləndirici və inkişafyönümlü fəaliyyətlər təşkil olunub.
Layihənin ilk mərhələsində əsas diqqət gənclərin fərdi və sosial bacarıqlarının inkişafına yönəldilib. Təşkil olunan təlimlərdə liderlik, komanda işi, effektiv ünsiyyət və digər mühüm bacarıqların formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilib.
Növbəti mərhələdə isə iştirakçıların intellektual potensialının artırılması, məntiqi düşünmə qabiliyyətinin və dünyagörüşünün genişləndirilməsi məqsədilə müxtəlif intellektual oyunlar keçirilib.
Layihənin əsas hədəflərindən biri regionlarda yaşayan gənclərin özünüinkişaf imkanlarının genişləndirilməsi, onların təşəbbüskarlığının və sosial fəallığının təşviq edilməsi, eyni zamanda könüllülük fəaliyyətinə marağın artırılması olub.
Ümumilikdə 600-dən çox gəncin iştirak etdiyi layihə regionlarda gənclər arasında bilik mübadiləsinin və fəal iştirakçılığın təşviqinə yönəlib.
Təşkilatçıların təqdim etdiyi məlumata əsasən, həyata keçirilən fəaliyyətlər gənclərin yeni bilik və bacarıqlar əldə etməsinə, intellektual potensialının inkişafına, sosial fəallığının artırılmasına və könüllülük fəaliyyətində daha yaxından iştirakına töhfə verib.








