Pakistanın Bəlucistan əyalətində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub. İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.
MSNews.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına əsasən, qəza oktyabrın 12-də Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhəri yaxınlığındakı Nəvan Killi ərazisində baş verib.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) bildirib ki, ordu aviasiyasına məxsus “Mushshak” təlim təyyarəsi günorta saatlarında texniki nasazlıq səbəbindən yerə çırpılıb.
Hadisə nəticəsində təyyarədə olan hər iki hərbçi – təlimatçı pilot mayor Hüsnəyn Şəhzad Hümayun və təlim keçən kapitan Əbdül Səməd həyatını itirib.
“Associated Press” agentliyinin məlumatına görə, qəzaya uğrayan hava gəmisi Pakistan istehsalı olan PAC MFI-17 “Mushshak” tipli təlim təyyarəsidir. Hərbi qurum nasazlığın xarakteri və qəzanın digər təfərrüatları barədə əlavə məlumat açıqlamayıb.
Pakistanın dövlət radiosunun yaydığı məlumatda da hər iki pilotun ölümü təsdiqlənib.