Pərviz Əliyev: “ABŞ-Rusiya yaxınlaşmasının arxasında daha böyük enerji razılaşması varmı?”

Siyasi araşdırmaçı Pərviz Əliyev ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasını, Ukrayna danışıqlarını və Vaşinqton-Moskva arasında müzakirə edilən enerji layihələrini təhlil edib.

98

ABŞ Prezidenti Donald Trampın Vladimir Putinlə telefon danışığından dərhal sonra Rusiya dizelinin dünya və ABŞ bazarına çıxarılmasına imkan verən qərarın qəbul edilməsi Vaşinqton-Moskva münasibətlərində daha geniş proseslərin baş verdiyi barədə suallar yaradıb.

MSNews.az-a danışan siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, məsələni yalnız ABŞ-da yanacağın qiymətinin aşağı salınması cəhdi kimi qiymətləndirmək yetərli olmaya bilər.

Tramp Rusiya ilə razılaşma nəticəsində ilkin mərhələdə 300 min tondan çox dizelin dərhal bazara çıxarılacağını, sonrakı aylarda isə həcmlərin artırılacağını açıqlayıb. ABŞ administrasiyası paralel olaraq Rusiya mənşəli dizellə əməliyyatlara imkan verən müvəqqəti sanksiya güzəşti tətbiq edib.

“Sual yaranır: Vaşinqtonun sanksiya rejimində geri addım atmasının əsas səbəbi doğrudanmı bir neçə yüz min ton dizeldir? Yoxsa enerji məsələsi daha böyük ABŞ-Rusiya anlaşmasının görünən hissəsidir?”

Əliyev xatırladır ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sentyabrın sonunda Vaşinqtonda ABŞ rəsmiləri ilə Ukrayna müharibəsinin həlli ilə yanaşı, müharibədən sonrakı ABŞ-Rusiya enerji layihələrini də müzakirə etmişdi.

Danışıqlar artıq müharibədən sonrakı dövrə keçib

Siyasi araşdırmaçının fikrincə, diqqətçəkən başqa məqam Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna və Avropa nümayəndələri ilə apardığı danışıqların gündəliyidir.

Mayamidə keçirilən görüşlərdə Ukraynaya təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı bərpa məsələləri müzakirə olunub. Bu, danışıqların tədricən yalnız atəşkəsdən deyil, müharibədən sonrakı siyasi-iqtisadi düzəndən bəhs etməyə başladığını göstərir.

“Əsas detal budur: müzakirə artıq təkcə müharibənin necə dayandırılmasından getmir. Müharibədən sonra Avropada hansı iqtisadi və təhlükəsizlik sisteminin yaradılacağı müzakirəyə daxil olur. Və bu sistemdə Rusiyaya müəyyən yer ayrılması ehtimalı ortaya çıxır”.

“Lukoil” və “Şimal Axını” niyə vacibdir?

Əliyev hesab edir ki, enerji sahəsində paralel aparılan danışıqlar bu ehtimalı daha da maraqlı edir.

“Lukoil”-in təxminən 22 milyard dollar dəyərində qiymətləndirilmiş xarici aktivlərinin satışı prosesində ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası də potensial tərəfdaşlardan biri kimi müzakirələrdə iştirak edib. “Carlyle” sonradan alqı prosesindən çəkilsə də, aktivlərə digər ABŞ və Körfəz investorlarının marağı qalır.

Bundan başqa, “Reuters”-in məlumatına görə, ABŞ və Rusiya rəsmiləri amerikalı investorun “Şimal Axını” qaz kəmərlərinə daxil olması variantını da müzakirə ediblər. Mövcud sanksiyalar və Avropa ölkələrinin etirazı səbəbindən belə bir razılaşmanın qarşısında ciddi maneələr qalır.

“Bunlar artıq 300 min ton dizel miqyasında məsələlər deyil. Söhbət onilliklər ərzində enerji axınlarına, istehsala, infrastruktura və Avropanın enerji bazarına təsir edə biləcək layihələrdən gedir”.

Pərviz Əliyevin fikrincə, ABŞ kapitalının Rusiya enerji infrastrukturu və Avropaya gedən enerji marşrutlarında iştirak etməsi Vaşinqtona gələcəkdə əlavə təsir imkanları verə bilər.

London və Avropanın gələcək təhlükəsizlik sistemi

Araşdırmaçı hesab edir ki, prosesin siyasi tərəfi enerji məsələsindən də böyükdür.

“Əgər Vaşinqtonla Moskva uzunmüddətli iqtisadi əməkdaşlığın parametrlərini həqiqətən müzakirə edirsə, sual yaranır: indiki Avro-Atlantik təhlükəsizlik sisteminin bu modeldə yeri harada olacaq?”

Əliyevin fikrincə, bu sual xüsusilə Böyük Britaniya üçün həssasdır. London Rusiyaya qarşı sərt təhlükəsizlik xəttinin qorunmasında və Avropada yeni koalisiyanın formalaşmasında maraqlıdır. ABŞ-Rusiya arasında enerji və müharibədən sonrakı nizamla bağlı geniş razılaşmalar isə Avropa daxilində və NATO-da mövcud güc balansına təsir göstərə bilər.

“Hazırda gördüyümüz ayrı-ayrı addımların hamısının vahid böyük razılaşmanın hissəsi olduğunu demək üçün tezdir. Amma dizel qərarı, sanksiya güzəştləri, “Lukoil” aktivləri, ‘Şimal Axını’ və müharibədən sonrakı enerji əməkdaşlığının eyni vaxtda müzakirəyə çıxması təsadüf kimi də görünmür”.

Pərviz Əliyevin qənaətinə görə, bağlı qapılar arxasında əsas müzakirə yalnız Ukrayna müharibəsinin dayandırılması deyil, müharibədən sonrakı Avropada enerji, iqtisadiyyat və təhlükəsizlik balansının necə qurulacağı ola bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.