Azərbaycan Səhiyyə Nazirliyi Rusiyanın İrkutsk vilayətində mümkün taun hadisəsi ilə bağlı yayılan məlumatları izlədiyini və hazırda ölkədə narahatlığa əsas olmadığını açıqlayıb. Nazirliyin məlumatına görə, epidemioloji vəziyyət sabitdir və əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac yoxdur.
MSNews.az xəbər verir ki, Səhiyyə Nazirliyi Rusiyada yaranmış vəziyyətlə bağlı məlumatların davamlı şəkildə izlənildiyini bildirib.
Nazirliyin açıqlamasına əsasən, Azərbaycanda son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Bununla yanaşı, Rusiyadan ölkəyə gələn şəxslərlə bağlı sanitar-epidemioloji nəzarətin həyata keçirildiyi qeyd olunur.
Səhiyyə Nazirliyi vurğulayıb ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi mümkün şübhəli halların laborator müayinəsi üçün zəruri avadanlıq və imkanlara malikdir.
Qurum həmçinin taun xəstəliyinin müalicə oluna bildiyini, erkən diaqnostika və vaxtında tibbi müdaxilə zamanı ağırlaşma riskinin əhəmiyyətli dərəcədə azaldığını bildirib.
Nazirlik vətəndaşları yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara əsaslanmamağa çağırıb.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində mümkün taun hadisəsi ilə bağlı xəbərlər laboratoriya əməkdaşının ölümündən sonra yayılıb. Rospotrebnadzor isə İrkutsk və Şelexovda sanitar-epidemioloji vəziyyətin sabit olduğunu, ölən şəxsdə onun peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlərin aşkarlanmadığını bildirib.