“Mançester Yunayted”in sabiq futbolçusu Fred keçmiş komanda yoldaşı Jhon Duran barədə maraqlı açıqlamalar verərək kolumbiyalı hücumçunu birlikdə oynadığı ən “çılğın” futbolçulardan biri adlandırıb.
MSNews.az xəbər verir ki, Fred və Duran bir müddət Türkiyənin “Fənərbaxça” klubunda birlikdə çıxış ediblər. Braziliyalı futbolçu müsahibəsində Duranın məşqlərə münasibətinin komanda daxilində tez-tez zarafat mövzusuna çevrildiyini deyib.
Fredin sözlərinə görə, o, Duranı məşqə çağırarkən kolumbiyalı hücumçu belə cavab verirmiş:
“Qardaş, mən onsuz da varlıyam. Qaçmağa ehtiyacım yoxdur.”
Fred bildirib ki, Duran bundan sonra bəzən tibbi və bərpa şöbəsinə gedərək məşqdən yayınırdı. Braziliyalı futbolçu bununla belə, keçmiş komanda yoldaşı barədə müsbət fikirlər də səsləndirib və onun “təmiz qəlbli, yaxşı insan” olduğunu vurğulayıb.
Fred Duranın sonradan Rusiyanın “Zenit” klubuna keçidini də xatırladıb. Onun sözlərinə görə, hücumçuya “indi daha çox pul qazanacaqsan” dedikdə Duran belə cavab verib:
“Qardaş, nə qədər çox olsa, o qədər yaxşıdır.”
Fredin sözlərinə görə, Duran söhbətlərində artıq özünün, ailəsinin və hətta sonrakı bir neçə nəslin maliyyə gələcəyini təmin etdiyini deyirmiş.
Braziliyalı yarımmüdafiəçi Duranın “Fənərbaxça”dakı ilk dövrlərdə məşqlərdə daha aktiv iştirak etdiyini, lakin zaman keçdikcə məşqlərə münasibətinin dəyişdiyini də bildirib. Bununla yanaşı, Fred onun xarakterini yumoristik və pozitiv şəkildə təsvir edib.
Jhon Duran hazırda Portuqaliyanın “Benfika” klubunda icarə əsasında çıxış edir və müqavilə hüquqları Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsusdur.