Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri “Mançester Siti” ilə bağlı qərarın və mümkün sanksiyaların sərtliyinin ölkənin gələcəkdə Böyük Britaniyaya iri həcmli investisiyalar yatırmaq istəyinə mənfi təsir göstərə biləcəyi barədə Londonu xəbərdar ediblər.
MSNews.az xəbər verir ki, “Bloomberg” bu barədə məsələdən məlumatlı şəxslərə istinadən yazıb. Mənbələrin sözlərinə görə, Əmirlik rəsmiləri Premyer Liqanın “Mançester Siti” ilə bağlı addımlarını BƏƏ–Böyük Britaniya münasibətlərinə təsir göstərə biləcək məsələ kimi qiymətləndirirlər.
Məsələ “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra aktuallaşıb. Klub ittihamları qəbul etmir və 2 oktyabrda qərardan rəsmi apellyasiya şikayəti verib. Apellyasiya prosesinin müstəqil heyət tərəfindən aparılması nəzərdə tutulur.
BƏƏ-nin mövqeyi Britaniya üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Son illərdə Əmirliklərin Britaniyaya investisiya öhdəliklərinin həcmi 30 milyard funt sterlinqə yaxınlaşıb və əməkdaşlıq texnologiya, həyat elmləri, enerji və digər strateji sahələri əhatə edir.
Maraqlıdır ki, “Mançester Siti”nin sədri və Abu-Dabinin suveren sərvət fondu Mubadala-nın rəhbəri Xəldun əl-Mübarək sentyabrın 14-də Britaniyanın biznes naziri Conatan Reynoldsla Dauninq-stritdə görüşüb. Bloomberg-in məlumatına görə, görüşdə BƏƏ-nin Britaniyadakı investisiyaları müzakirə edilib, lakin əl-Mübarək “Mançester Siti” işi məsələsini qaldırmayıb.
Bununla yanaşı, Britaniya hökuməti daxilində də məsələ həssas qarşılanır. Mənbələr Londonun futbol üzrə intizam prosesinin hökumət müdaxiləsindən müstəqil qalmasını istədiyini bildirirlər.