AFFA-nın ömürlük cəzalandırdığı Adil Nağıyevin hansı oyunlara mərc etdiyi bəlli olub.
Bu ilin yanvarında AFFA İntizam Komitəsi tərəfindən danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan “Şamaxı” klubunun sabiq futbolçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.
Məlumata görə, Adil Nağıyev bu işdə komanda yoldaşı Georgiy Kantariya ilə əlbir olub.
Araşdırmalar göstərib ki, hər iki futbolçu mərc saytlarında “Şamaxı–Kəpəz” matçında öz komandasının məğlubiyyətinə pul qoyub. Həmin qarşılaşmada “Şamaxı” 0:1 hesabı ilə uduzub.
Bundan başqa, ötən ilin 4 dekabrında Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Zirə–Şamaxı” matçında da manipulyasiya faktı təsdiqlənib. Adil Nağıyev yenidən “Şamaxı”nın məğlubiyyətinə mərc edib və əldə edəcəyi qazancdan Kantariyaya 5 min ABŞ dolları verəcəyini vəd edib.
İttihama görə, futbolçular qəsdən səhv ötürmələr, bilərəkdən yanlış mövqe seçimi, rəqibin təhlükəli hücumlar qurmasına şərait yaratmaq kimi hərəkətlərlə nəticəyə təsir göstərərək komandanın 1:3 hesabı ilə məğlubiyyətinə səbəb olublar.
Adil Nağıyev yalnız Kantariya ilə kifayətlənməyib: o, yarımmüdafiəçilər Vasilye Bakiç və Vasilye Redenoviçi də prosesə cəlb etmək istəyib. Lakin legionerlər bu təklifə razılıq verməyiblər. Maraq doğuran məqam isə budur ki, Adil və Georgini ifşa edən məhz Redenoviç olub – o, rəhbərliyə Nağıyevlə olan yazışmalarını təqdim edib.
Bundan başqa, Adil Nağıyev Rusiyadan olan bir şəxsə matçın 30-cu dəqiqəsindən sonra “Şamaxı”nın məğlubiyyətinə mərc etməsi barədə siqnal verib. “Şamaxı–Kəpəz” oyununda Nağıyev iştirak etməsə də, Kantariya meydanda olub və komandasının məğlubiyyətinə mərc qoyub.
AFFA-nın qərarı ilə hər iki futbolçu Azərbaycan futbolunda danışılmış oyunlarla bağlı son illərin ən ciddi qalmaqalında əsas fiqurlardan biri hesab olunur.